Yaponiyada bugünkü yaponların əcdadları hesab edilən Yamato tayfalarının adalara gəlməsindən əvvəl burada yaşamış xalqlar haqqında danışmağı çox da sevmirlər. Halbuki Yaponiyanın formalaşma tarixi yalnız Yamato tayfalarının tarixi deyil. Bu adalarda onlardan xeyli əvvəl yaşayan, sonradan işğala məruz qalan, bir qismi məhv edilən, digərləri isə assimilyasiya olunan yerli xalqlar mövcud olub.
Məlum olduğu kimi, Yamato tayfaları Yapon adalarının ilkin sakinləri deyildilər. Onların əcdadları materik Asiyadan gələn miqrasiya dalğaları ilə əlaqələndirilir. Yamato dövlətinin güclənməsi və ərazilərini genişləndirməsi ilə adaların yerli əhalisi tədricən öz torpaqlarında hakim mövqelərini itirməyə başladı. Müqavimət göstərənlərə qarşı müharibələr aparıldı, sağ qalanların bir hissəsi isə zamanla hakim etnik-siyasi mühitə assimilyasiya edildi.
Bu gün həmin qədim xalqlardan etnik kimliyini müəyyən dərəcədə qoruyaraq mövcudluğunu davam etdirən ən tanınmış xalq aynlardır. Lakin Yaponiyanın qədim əhalisi təkcə onlardan ibarət olmayıb. Yamato hakimiyyətinin genişlənməsindən əvvəl bu adalarda yaşayan başqa xalqlar da vardı. Onların bir çoxunun nümayəndələri sonradan assimilyasiya olunsa da, müəyyən mənada bugünkü yaponların etnik formalaşmasında da iştirak ediblər.
Emişilər və aynlar haqqında daha əvvəl danışmışıq. İndi isə Yaponiyanın qədim tarixində iz qoymuş, lakin zamanla siyasi və etnik müstəqilliyini itirmiş başqa bir xalqdan – kumasolardan bəhs edək.
Kumasolar kim idi?
Kumaso qədim dövrlərdə Yaponiyanın cənubunda, əsasən Kyuşu adasının mərkəzi və cənub hissələrində yaşamış etnik birlik hesab olunur. Onların adı xüsusilə eramızın III–VI əsrlərinə aid tarixi və yarımmifoloji mənbələrdə çəkilir.
Bir sıra tədqiqatçılar kumasoları Yapon arxipelaqının yerli əhalisinə və Cömon mədəniyyətinin daşıyıcılarına bağlayırlar. Lakin onların dəqiq etnik mənşəyi və dili bu gün də mübahisəli məsələlərdəndir.
Kumasoların yaşadığı ərazilər Yamato dövlətinin cənuba doğru genişlənməsi zamanı mühüm strateji əhəmiyyət daşıyırdı. Yerli tayfalar yeni hakimiyyətin tabeçilik tələblərinə müqavimət göstərir, nəticədə tərəflər arasında uzunmüddətli silahlı toqquşmalar baş verirdi.
Yapon mifologiyasında kumasoların sonuncu müqavimətini yatıran şəxs kimi Yamato Takeru göstərilir. Rəvayətə görə, o, imperator Keykonun oğlu və məşhur sərkərdə idi. Cənuba yürüşü zamanı yerli tayfaların rəhbərlərini məğlub edərək onların müqavimətini qırmışdı.
Bu müharibələrdən sonra kumasoların böyük hissəsinin məhv edildiyi, sağ qalanların isə Yamato hakimiyyətinə tabe olaraq assimilyasiya olunduğu bildirilir. Onların bir qisminin şimala, emişilərə qarşı hərbi yürüşlərdə iştirak etmək üçün göndərildiyi barədə də məlumatlar var.
Qədim mənbələrdə kumasolar
Kumasolar haqqında ilk məlumatlar yapon tarixinin mifoloji dövrünə aid mətnlərdə yer alır. Bu xalqın Yamato tayfaları ilə qarşılaşması, görünür, sonuncuların Yapon adalarında siyasi üstünlük əldə etməyə başladığı ilk əsrlərə təsadüf edir.
Qədim mənbələrdə kumasolar çox vaxt Yamato hakimiyyətinə tabe olmaq istəməyən, inadkar və döyüşkən xalq kimi təsvir edilir. Bu baxımdan onlar Yaponiyanın şimalında yaşayan emişilərə bənzədilirlər.
Kumasolar haqqında nisbətən daha konkret tarixi məlumatlar eramızın I–III əsrlərinə aid edilir. Sonrakı dövrlərdə isə onların ayrıca siyasi və etnik birlik kimi adı mənbələrdə tədricən yoxa çıxır. Kraliça Cinqunun yürüşləri ilə bağlı rəvayətlərdə də onların tabe edilməsindən bəhs olunur. Bununla belə, kumasoların tam olaraq nə vaxt və hansı şəraitdə assimilyasiyaya uğraması məsələsi dəqiq müəyyən edilməyib.
Kumasoların mənşəyi: Yaponiyanın yerli xalqı, yoxsa Sakit okeandan gələnlər?
Kumasoların mənşəyi ilə bağlı ən maraqlı mübahisələrdən biri onların etnik və dil mənsubiyyəti məsələsidir.
Tədqiqatçılar bu suala cavab tapmaq üçün ilk növbədə xalqın adının etimologiyasına müraciət ediblər. Bu istiqamətdə əsasən iki yanaşma mövcuddur: adın yapon mənşəli olması və ya başqa dillərlə, xüsusilə Sakit okean regionunun dilləri ilə əlaqələndirilməsi.
“Kumaso” adının ilk hissəsi – “kuma” yapon dilində “ayı” mənasını verir. Bəzi tədqiqatçılar bu sözün qədim yaponlar tərəfindən həmin xalqa verilmiş bir epitet olduğunu düşünürlər. Onların fikrincə, bu ad kumasoların döyüşkənliyini, sərt xarakterini və guya vəhşi həyat tərzini ifadə edirdi.
Adın ikinci hissəsi – “so” isə daha çox mübahisələrə səbəb olub.
Bəzi tədqiqatçılar bu komponentin Malay arxipelaqının dillərində axtarılmasını təklif edirlər. Hətta Borneo adasında yaşayan və özlərini “so” adlandıran tayfalarla qədim kumasolar arasında mümkün əlaqənin mövcudluğu barədə fərziyyələr irəli sürülüb.
Bu yanaşmaya görə, kumasoların əcdadları Sakit okean adalarından Yaponiyaya gəlmiş ola bilərdilər. Digər tədqiqatçılar isə onların mənşəyini yalnız Borneo ilə məhdudlaşdırmağın düzgün olmadığını, ümumilikdə Sakit okean adaları və Malay dünyası ilə əlaqələrin araşdırılmalı olduğunu düşünürlər.
Beləliklə, Sakit okean və ya Malay mənşəyi hipotezi kumasoların mənşəyini izah etmək üçün irəli sürülən nəzəriyyələrdən biridir. Bununla belə, bu fərziyyəni təsdiqləyən qəti dilçilik və genetik sübutlar yoxdur.
Yamato dövlətinə qarşı uzunmüddətli müqavimət
Kumasoların ayrıca etnik birlik olduğunu göstərən əsas məqamlardan biri onların Yamato dövləti ilə münasibətləridir.
Onlar uzun müddət ya müstəqil yaşamış, ya da mərkəzi hakimiyyətə yalnız formal və məhdud şəkildə tabe olmuşdular. Yamato hakimiyyətinin cənuba doğru genişlənməsi isə bu münasibətləri dəyişdirdi.
Yerli əhali öz torpaqlarını və müstəqilliyini qorumağa çalışırdı. Yamato hökmdarları isə bütün Yapon adalarını vahid siyasi hakimiyyət altında birləşdirmək istəyirdilər. Nəticədə uzunmüddətli hərbi qarşıdurma yarandı.
Qədim yapon mənbələrində kumasoların ayrıca xalq kimi təqdim edilməsi, onlara qarşı xüsusi hərbi yürüşlərin təşkil olunması və tabe edildikdən sonra ayrıca idarəçilik tədbirlərinin görülməsi onların Yamato əhalisindən fərqli etnik birlik olduğunu göstərən mühüm əlamətlərdir.
Bununla belə, onların özlərini necə adlandırdıqları, hansı dildə danışdıqları və Yamato əhalisi ilə mədəni əlaqələrinin hansı səviyyədə olduğu barədə məlumatlar məhduddur.
Kumasoların tarixi niyə unuduldu?
Tarixçilərin bir qisminin fikrincə, kumasolar ayrıca etnik və siyasi birlik kimi VII əsrə doğru tarix səhnəsindən çəkilmişdilər. Onların bir hissəsi məhv edilmiş, digərləri isə tədricən Yamato cəmiyyətinə qarışmışdı.
Maraqlı məqamlardan biri budur ki, “kumaso” adı, ehtimal ki, həmin xalqın özünə verdiyi ad deyil, Yamato mənbələrində işlədilən xarici adlandırmadır.
Bu gün Yaponiyanın Kyuşu adasında yerləşən Kumamoto şəhərinin və eyniadlı prefekturanın adlarının kumaso etnonimi ilə əlaqələndirilməsi də diqqət çəkir. Bununla belə, bu adların mənşəyi ilə bağlı dilçilik baxımından fərqli izahlar mövcuddur.
Kumasoların tarixinin öyrənilməsi Yaponiyanın formalaşma prosesinə fərqli prizmadan baxmağa imkan verir. Çünki bugünkü Yaponiya yalnız bir xalqın köçü və siyasi yüksəlişi nəticəsində yaranmayıb. Bu ölkənin etnik və mədəni tarixində müxtəlif yerli icmaların, qədim tayfaların, miqrasiya dalğalarının və uzunmüddətli assimilyasiya proseslərinin mühüm rolu olub.
Kumasolar isə həmin mürəkkəb tarixin zamanla öz adını, dilini və siyasi müstəqilliyini itirmiş xalqlarından biridir.
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az
