Tramp ailəsinin biznes əlaqələri araşdırıla bilər: Yaxın Şərq ölkələri demokratların yoxlamalarına hazırlaşırbackend

Tramp ailəsinin biznes əlaqələri araşdırıla bilər: Yaxın Şərq ölkələri demokratların yoxlamalarına hazırlaşır

ABŞ-ın Fars körfəzi regionundakı əsas müttəfiqləri Demokratlar Partiyasının prezident Donald Trampın, onun administrasiyasının və ailə üzvlərinin bölgədəki biznes əlaqələri ilə bağlı araşdırmalara başlayacağı ehtimalına hazırlaşır.

KONKRET.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri Vaşinqtondakı mənbələrə və Yaxın Şərq diplomatlarına istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, araşdırmaların diqqət mərkəzində Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətərlə bağlı bir sıra maliyyə və biznes sövdələşmələri ola bilər.

Birləşmiş Ərəb Əmirlikləri. ABŞ-ın Əmirliklərə qabaqcıl süni intellekt çiplərinə çıxış imkanı yaratmasından əvvəl kral ailəsi ilə əlaqəli bir qurum Trampın oğulları və ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun oğlu tərəfindən yaradılmış “World Liberty Financial” kriptovalyuta şirkətinə 500 milyon dollar sərmayə yatırıb.

Səudiyyə Ərəbistanı. Krallığın suveren sərvət fondu Trampın kürəkəni Cared Kuşnerə məxsus şirkətə 2 milyard dollar investisiya edib. Bundan başqa, prezidentin ailəsi ilə əlaqəli şirkətlər böyük tikinti müqavilələri əldə ediblər. Konqresdə tənqidlərə səbəb olan və Trampın sonradan dondurduğu Ər-Riyadla iyul ayında imzalanmış nüvə sazişi də araşdırılması gözlənilən məsələlər sırasındadır.

Qətər. Demokratlar 2025-ci ildə Trampa təqdim edilmiş, ABŞ tarixində ən bahalı hədiyyə hesab olunan prezident təyyarəsinin verilməsi ilə bağlı halları da araşdırmaq niyyətindədirlər. Söhbət təxminən 400 milyon dollar dəyərində Boeing 747 təyyarəsindən gedir.

ABŞ Milli Təhlükəsizlik Şurasının Ərəbistan yarımadası üzrə keçmiş direktoru Ellison Minor “The Washington Post” nəşrinə açıqlamasında bildirib ki, Fars körfəzi ölkələrini demokratlarla asan mübarizə gözləmir.

“Düşünürəm ki, Fars körfəzi ölkələrini demokratlarla çətin mübarizə gözləyir”, – deyə o vurğulayıb.

Beləliklə, ABŞ-da demokratların mümkün araşdırmaları Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqləri ilə münasibətlərində də yeni gərginlik yarada bilər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*