Azərbaycanda fəaliyyət göstərən özəl məktəblərdə təhsil haqlarının fantastik dərəcədə artması geniş müzakirəyə səbəb olub. Belə ki, hazırda illik təhsil haqqı Britaniya Kollecində 20 min manat, Bakı Oksford Məktəbində 17 min manat, Avropa Məktəbində 12 min 500 manat, Dünya Məktəbində 9 min 500 manat, “Landau School”da isə 9 min 200 manatdır. Qiymətlərin şişirdilmiş olduğu və təhsil haqları ilə tədrisin keyfiyyətinin uzaqlaşmadığını deyənlər də az deyil.
KONKRET.az xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Samir Vəliyev isə Pravda.az-a təhsil haqlarının artmasının bir neçə səbəbini açıqlayıb.
Deputat bildirib ki, özəl məktəblərdə təhsil haqlarının artmasına təsir edən bir sıra iqtisadi, maliyyə və institusional amillər var: “Bu məsələyə yalnız məktəblərin qiymət siyasəti kimi baxmaq doğru olmaz. Qiymət artımına ümumi iqtisadi vəziyyət və təhsil sektorundakı dəyişiklər kontekstində yanaşmaq lazımdır. Təhsil haqlarının artmasına təsir edən amillər sırasında birinci növbədə ölkədəki qiymət artımıdır. Bu, məktəblərin gündəlik fəaliyyət xərclərinə öz təsirini göstərir. Kommunal xidmətlər, ərzaq, tədris materialları və digər xidmətlərin bahalaşması da bura daxildir. İkinci əsas amil müəllimlərin əməkhaqqılarıdır. Əlbəttə, məktəbin birinci növbəli əsas vəzifələri sırasında yüksək təhsil vermək dayanır. Yüksək təhsil vermək üçün isə peşəkar müəllimlərə ehtiyac var. Peşəkar və xarici dil biliklərinə malik müəllimlərin tədrisə cəlb edilməsi, onların əməkhaqqılarının qarşılanması məktəbin xərclərini daha da artırmış olur. Digər önəmli məsələ infrastruktur və texnologiya xərcləridir. Bu gün müasir laboratoriyaların, kompüter otaqlarının, idman zallarının yaradılması və məktəb binalarının saxlanılması əlavə maliyyə yüküdür. Özəl məktəb birmənalı olaraq beynəlxalq standartlara həm görünüşü, həm də tərkib hissəsi ilə tam uyğun olmalıdır.
Bir sıra məktəblər beynəlxalq təhsil proqramları tətbiq edirlər. Beynəlxalq akkreditasiya, xarici tədris proqramları, beynəlxalq imtahan sistemləri və xarici mütəxəssislərin cəlb edilməsi də öz növbəsində təhsil xərclərinə birbaşa təsir edən amildir. Elə təhsil müəssisələri var ki, onların tədris korpusları icarədədir. İcarə xərcləri isə bu gün kifayət qədər yuxarıdır. Bu da birbaşa özəl məktəblərin ümumi xərcinə daxil olur. Yəni məktəb binalarının icarəsi, orada təhlükəsizliyin təmin edilməsi, nəqliyyat-daşıma xidməti, eləcə də qidalanma, texniki xidmət xərcləri də qiymətin formalaşmasına təsirsiz ötüşmür. Beynəlxalq proqramları tətbiq edən məktəblər bir sıra tədris materiallarını, kitabları, digər resursları xarici ölkələrdən alırlar. Xarici ölkələrdə qiymətin qalxması faktoru da mövcuddur. Bu baxımdan, xarici ölkələrdən alınan kitablar və digər resurslar, proqram təminatları da birbaşa məktəbin xərclərinə daxildir. Həmçinin tələb və bazar rəqabəti də var. Özəl məktəblərə tələbatın artması və valideynlərin müəyyən məktəblərə üstünlük vermələri də qiymət siyasətinə təsir göstərir”.
Samir Vəliyev vurğulayıb ki, təhsil haqqı artırsa, bunun müqabilində müəllimlərin peşəkarlığı, tədrisin keyfiyyəti, eləcə də maddi-texniki baza və şagirdlərə təqdim olunan imkanlar da inkişaf etdirilməlidir: “Təhsil müəssisəsi qiyməti artırmaqla ilk növbədə təhsilin keyfiyyətini və nəticəsini yüksəltməyi hədəfləməlidir. Yüksək təhsil haqqı yüksək təhsilin zəmanəti olmalıdır. Hesab edirəm, valideynlər məktəb seçdikdə ödəyəcəkləri yüksək təhsil haqqı müqabilində, təbii ki, həmin təhsil müəssisəsindən keyfiyyətli təhsil də tələb etməlidirlər”.
