Yeni il tətilləri təmiz havada gəzintilər üçün ideal vaxtdır. Lakin tətil vaxtı təbiət qoynunda istirahət edənlər ehtiyatı əldən verməməlidirlər.
Dağ rayonlarında meşə gəzintisinə çıxmazdan əvvəl KONKRET.az-ın tövsiyələrini diqqətlə oxuyun.
1) Qar altında çuxurlar, yarğanlar və digər maneələr gizlənir. Bəzən adi ehtiyatsızlıq faciə ilə nəticələnə bilər.
2) Yanvar ayında dağlarda gündüz vaxtının müddəti cəmi doqquz saata çatır. Alatoranlıqda və qaranlıqda ərazidə hərəkət etmək daha çətindir. 24 saat işıqlanmaya adət edən şəhər adamı bunu çox vaxt unudur. Meşə gəzintisini planlaşdırarkən, qaranlığın nə vaxt düşməsini müəyyən etməlidir. Axı yorğun adam daha yavaş hərəkət edir, ona görə ehtiyatı əldən vermək olmaz. Hər ehtimala qarşı cibinizdə LED fənəri saxlamaq məsələhətdir.
3) İnsanın gəzintidən aldığı həzz bəzən də onun geyimindən asılıdır. Aktiv qış fəaliyyəti üçün termal alt paltar, fleece və membran gödəkçə geyinsəniz daha yaxşıdır. Əlbəttə ki, şapka və əlcəklər də vacibdir. Soyuğun ən tez təsir etdiyi topuq və biləklərdir. Telefon daxili cibdə yerləşdirilməlidir. Əks halda enerji tez qurtara bilər.
4) Gəzinti zamanı insanın əlində kibrit və ya alışqan, yemək və su ehtiyatı, mobil telefon, bıçaq olması vacibdir. Fövqəladə vəziyyətdə bu, xilasediciləri gözləməyə və yardım çağırmağa kömək edə bilər. Bundan əlavə, 112 xidmət operatoru zəng edənin koordinatlarını müəyyən edə və itmiş şəxsə insanlara yol tapmağa kömək edə bilər.
5) Azdığınız meşədən yollar, elektrik xətləri, qaz kəmərləri keçirsə, dərhal yararlanmaq lazımdır. Onların istiqamətində hərəkət edin. Qaz kəməri itmiş adam üçün daha çox faydalıdır. Kəmər boyu hərəkət tövsiyə edilir, bir neçə kilometrdən sonra o, sizi yaşayış məntəqəsinə çıxara bilər.
6) Meşədə hazırlıqsız insanla vəhşi heyvanın rastlaşması arzuolunmazdır. Bir qayda olaraq, heyvanlar insanlardan qaçmağa çalışır. Onların insana hücum etməsi üçün səbəb olmalıdır. Bu da turistin həyatı bahasına başa gələ bilər. Ayı ilə rastlaşmaq ehtimalı azdır. Amma canavar sürüsü ilə hər an üz-üzə gəlmək olar. Birinci halda sizi yalnız möcüzə xilas edə bilər. İkincidə, canavar sürüsünün yanınızdan ötüb-keçmək ehtimalı var, çünki canavarlar az hallarda insana hücum edir. Ancaq vəhşi donuzlardan özünüzü qoruyun. Meşə donuzları yanvar ayında cütləşirlər və ona görə çox təhlükəli olurlar. Vəhşi donuzdan qaçmaq mümkün deyil. Onun sürəti qarda 40 km/saatdır. Əslində yalnız bir seçim var – ağaca və ya hündür bir qayaya dırmaşmaq. Qaban uzun müddət pusquda oturmayacaq, çıxıb gedəcək və siz xilas olacaqsınız. Ümumiyyətlə, heyvan cığırlarından və izlərindən uzaq durmaq daha yaxşıdır.
7) Meşə mütəxəssislərinin təcrübəsi göstərir ki, meşədə ən böyük təhlükəni yaradan insan özüdür. Qışda, sivilizasiyadan uzaqda olarkən, spirtli içki qəbul etmək yolverilməzdir. Alkoqol qan damarlarını genişləndirir, bu da qısa müddətdə hərarəti qaldırır. Sonra isə orqanizm tez donmağa başlayır. Bu, daha bir qurtum içmək istəyini artırır. Effekt verməyəndə alkoqol qəbulu təkrarlanır, nəticə isə xoşagəlməz sonluqla bitir. Alkoqolun təsirindən yuxuya gedən adamın əzaları dərhal donur.
Qısası, qışda meşədə gəzərkən diqqətli olmaq lazımdır. Ani diqqətsizlik faciə ilə nəticələnə bilər.
Vəli Həsənov,
KONKRET.az
