Yeni il ərəfəsində ölkədə hava şəraitinin necə olacağı geniş maraq doğurur. Maraqlıdır, Yeni il günlərində ölkə üzrə qar yağma ehtimalı nə qədərdir?
Mövzu ilə bağlı hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında yaxın günlər üçün proqnozu açıqlayıb.
Ekspertin sözlərinə görə, dekabrın ikinci ongünlüyündə hava nisbətən sabit və mülayim keçsə də, birinci və üçüncü ongünlüklərdə ölkə üzrə hava şəraitinin dəyişkən, qeyri-sabit və yağıntılı olması gözlənilir. Dağlıq ərazilərdə yağıntıların əsasən qar şəklində düşəcəyi ehtimal edilir.
“Bakı və Abşeron yarımadasında isə Yeni il gecəsi qarın yağması ehtimalı çox azdır”.
Ekspert bildirib ki, paytaxtda qarlı hava müşahidə etmək istəyənlərin ümidləri bu il də doğrulmaya bilər.
Qarlı və şaxtalı hava istəyənlər üçün isə bölgələr ən real ünvanlardır:
Böyük Qafqaz (Şahdağ, Tufandağ):
Qar yağma ehtimalı yüksəkdir. Gecələr temperaturun -5°C ilə -10°C arasında dəyişəcəyi, sabit qar örtüyünün yaranacağı proqnozlaşdırılır.
Naxçıvan Muxtar Respublikası:
Culfa, Ordubad və Şahbuzda şaxtalı hava üstünlük təşkil edəcək. Temperaturun gecə saatlarında -4°C-dən -11°C-dək enəcəyi, yağıntıların isə əsasən qar şəklində düşəcəyi gözlənilir.
Qarabağ və Şərqi Zəngəzur:
Şuşa və Kəlbəcər kimi dağlıq ərazilərdə şaxtalı hava müşahidə olunacaq. Temperatur gecələr mənfi göstəricilərə düşəcək və qar ehtimalı yüksəkdir.
Beləliklə, Yeni ili qarlı mühitdə qarşılamaq istəyənlərin bölgələrə üz tutması tövsiyə olunur, çünki ölkənin dağlıq rayonlarında qar ehtimalı daha çoxdur.
Aynurə İsmayıl
KONKRET.az

