Azərbaycanda son iki ayda koroavirusa yoluxanların sayı kəskin artıb. Belə ki, noyabrın 18-də 2239 yeni yoluxma faktı qeydə alınıb, 25 nəfər isə dünyasını dəyişib. Göründüyü kimi, yoluxanların sayının artması ölüm sayının çoxalmasına da səbəb olur. Belə olan təqdirdə virusun qarşısını almaq üçün yenidən “sms icazə” tətbiq edilə və 65 yaşdan yuxarı insanların çölə çıxmasına qadağa qoyula bilərmi?
Məsələ ilə bağlı KONKRET.az-a fikirlərini bölüşən həkim Ədalət Rüstəm bildirib ki, yoluxma sayı artdıqca ölüm sayında da çoxalmalar olacaq: “Ona görə təcili olaraq aprel-may aylarındakı sərt karantin rejiminə keçməliyik. “Sms icazə” də tətbiq edilməli və 65 yaşdan yuxarı insanların çölə çıxmasına qadağa qoyulmalıdır. Xatırlayırsınızsa, aprel və may aylarında tədbiq edilən karantin rejimində yoluxma sayı 50-yə düşmüşdü.
Məlumdur ki, koronaviruslu xəstələrin müalicəsi dünyada qəbul olunan beynəlxalq protokollar əsasında həyata keçirilir. Azərbaycanda koronavirusdan ölənlər daha çox 60-65 yaşdan yuxarı isanlardır. Çünki o yaşda insanlar ürək çatışmazlığı, şəkər və digər xəstəliklərdən əziyyət çəkdiklərinə görə onların immuniteti aşağı olur. Ona görə də daha çox 65 yaşdan yuxarı şəxslərin koronavirusa yoluxması ölümlə nəticələnir. O səbəbdən aprel-may aylarında olduğu kimi, 65 yaşdan yuxarı insanların küçəyə çıxmasına yenidən qadağa qoyulmalıdır”.
Ədalət Rüstəm onu da vurğulayıb ki, avtobuslara oturacaqların sayı qədər sərnişinin minməsinə icazə verilməli və maska taxılmasına nəzarət gücləndirilməlidir: “Nəzarət etməyən sürücü, avtobus sahibləri və sərnişinlər cərimələnməlidir. Marketlərdə maskasız insan olarsa onlar cərimələnməlidir. Əgər cərimə tətbiq edilərsə məcbur olub qaydalara əməl edəcəklər. Eyni zamanda, qapalı yerlərdə maskası boğazında gəzən insanlara qarşı ictimai qınaq da olmalıdır. Televiziya və radiolarda maarifləndirmə işləri gücləndirilməlidir. Bu məsələdə televiziyalar dövlət tərəfindən görülən tədbirlərə dəstək verməlidir. Hansı ki, o təbliğatın yerinə bu gün televiziyalarda mənasız şou verilişləri verilir”.
Nərgiz Mirzəyeva,
KONKRET.az
