Yumurta qabığının İNANILMAZ FAYDALARIbackend

Yumurta qabığının İNANILMAZ FAYDALARI

“O yanı qaya, bu yanı qaya, içində sarı maya”. Tapmacanın açmasını bilməyən tapılmaz. Bu, yumurtadır. Bol vitaminlər, proteinlər, makro və mikroelementlər, antioksidantlar və digər bioloji aktiv maddələrlə zəngin olan yumurtanın tərkibi barədə hamımızın məlumatımız var. Bu səbəbdən də hər birimiz onu gündəlik qida rasionunumüza daxil etməyə çalışırıq. Bəs yumurta qabığının 9 heyrətamiz yararlılığı barədə necə, məlumatlıyıqmı? Böyük ehtimalla xeyr!

KONKRET.az-ın bu araşdırmasını sona qədər oxusanız, zəngin kalsium qaynağı olan yumurta qabığından gündəlik həyatınızda bir çox prosedurlarda faydalana bilərsiniz.

Qeyd: qabıqları istifadə etməzdən öncə əvvəlcə onları steril hala gətirmək lazımdır. Bunun üçün yumurta qabıqları sirkəli suda qaynadılıb, sonra sobada ən azı 100 dərəcədə 30 dəqiqə saxlanmalıdır. Yalnız bundan sonra soyudulmuş qabıqlar aşağıdakı prosedurlarda əminliklə istifadə edilə bilər.

Üz maskalarının hazırlanmasında…

Qəhvə üyüdən cihaz vasitəsilə toz halına gətirilən qabıq ideal kosmetik vasitədir. Ondan ev şəraitində asanlıqla dəri tipinizə uyğun olan üz maskaları hazırlamaq mümkündür. Belə ki, tozu yumurta ağı, bal və ya zeytun yağı ilə qarışdırıb istifadə edə bilərsiniz. Tərkibindəki kalsium və digər faydalı minerallar sayəsində bu maska ​​dərinizi təmizləməyə və yaşlanma əleyhinə təsir yaratmağa kömək edəcək.

Bitkilərin zərərvericilərdən qorunmasında…

Yumurta qabığını xırda-xırda doğrayıb zərərvericilər əleyhinə vasitə kimi istər bağda, istərsə də dibçəkdə bitkilərin dibinə səpmək olar. Müxtəlif kimyəvi maddələrlə torpağa və bitkilərə zərər verməkdənsə, ən təbii vasitə ilə zərərvericilərlə mübarizə apara bilərsiniz.

Yumurta qabığı yuyucu vasitə kimi…

Yumurta qabığı paltarların ağardılmasında da ən əlverişli vasitədir. Bir dilim limonla xırdalanmış qabıqları təmiz bir bezin içinə qoyub, ağzını düyünləyin. Sonra bükülmüş parçanı çirkli paltarlarınızla birlikdə paltaryuyan maşına atın. Yuma prosesi başa çatdıqdan sonrakı nəticə sizi heyrətə gətirəcək. Ən bahalı ağardıcı vasitə belə paltarlarınıza bu sadə komponent qədər bəyazlıq verə bilməz.

Bitki yetişdirmək üçün əlverişli bir dibçək…

Yumurta qabığı tərkibindəki minerallar sayəsində bitki yetişdirmək üçün ən ideal qab hesab oluna bilər. Gülsatanların tövsiyə etdiyi və bəslənməsi kiçik qablarda mümkün olan gülləri yumurta qabığında əkə bilərsiniz.

Ləkətəmizləyici maddə əvəzi…

Mətbəx əşyalarınızı qalıcı çay və qəhvə ləkələrindən təmizləmək üçün də yumurta qabığından istifadə edə bilərsiniz. Bunun üçün çirkli stəkanı və ya çaydanı qaynar su ilə doldurun, içinə yumurta qabığı qoyun və bir neçə saat gözləyin. Sonra içindəki suyunu boşaldıb yumurta qabığı ilə yaxşıca sürtün. Bütün ləkələrin asanlıqla yox olacağı şəksizdir.

Bəzək vasitəsi kimi…

Evdə yeniləmək istədiyiniz hər hansı bir əşyanı yumurta qabıqlarından istifadə etməklə bəzəyə və ona ekzotik görkəm verə bilərsiniz. Əşyalar üzərinə yapışdırılmış rəngli qabıqların necə bir mozaika yarada biləcəyini təsəvvür etmək o qədər də çətin deyil.

Əsl kalsium mənbəyidir…

Toz halına salnmış yumurta qabığının əsl kalsium mənbəyi olduğu nənə-babalarımızdan hər kəsə məlumdur. Hətta körpə uşaqların belə qidalarına bu tozdan əlavə edilməsi heç kimə sirr deyil. Hər kəs yeməyinə yumurta qabığı tozu qataraq və ya onu təzə sıxılmış limon suyu ilə qarışdırıb istehlak edərək, tərkibindəki kalsiumdan yararlana, bədənini osteoporoza qarşı gücləndirə bilər. Ancaq əgər ciddi bir xəstəliyiniz varsa, istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir.

Filtr qəhvənin dadını yumşaldır…

Evdə dadlı süzgəcli qəhvə hazırlamaq və içmək sevirsinizsə, bu zaman yumurta qabıqlarından istifadə kofenizin dadına dad qatacaq. Əgər istifadə etdiyiniz qəhvənin dadının çox tünd olduğunu düşünürsünüzsə, dəmləməzdən əvvəl üzərinə yumurta qabığı səpərək onu yumşalda bilərsiniz.

Solğun çiçəkləri canlandırır…

Qəhvə, banan və yumurta qabıqlarını blenderdən keçirib, üzərinə su əlavə edin və cihazı yenidən işə salın. Alınan qarışıqdan solmuş bitklərin dibçəyinə əlavə etməklə onları canlandıra bilərsiniz.

Sevinc Paşayeva,

KONKRET.az

P.S. Onu da unutmayaq ki, kənd yumurtasının qabığı daha keyfiyyətlidir və sadaladığımız prosedurlarda orqanik məhsulun qabığından istifadə olunması çox önəmlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*