Zamin durmadan öncə 2 dəfə düşünün – BORCDAN ƏLAVƏ ÖHDƏLİKLƏRbackend

Zamin durmadan öncə 2 dəfə düşünün – BORCDAN ƏLAVƏ ÖHDƏLİKLƏR

Bank kreditlərində zamin durmaq hüquqi müstəvidə kifayət qədər ciddi öhdəlik və məsuliyyət tələb edən addımdır. Çünki Azərbaycan Respublikasının Mülki Məcəlləsi zaminin məsuliyyətini yalnız əsas borc məbləği ilə məhdudlaşdırmır, kredit öhdəliyinin yerinə yetirilməməsindən doğan əlavə xərclərin də zaminin üzərinə düşməsini birbaşa təsbit edir.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, zaminlik müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, zamin kreditor (bank) qarşısında borclu ilə eyni həcmdə cavabdehlik daşıyır. Bu qanunvericilik norması göstərir ki, borclu kredit ödənişini gecikdirdikdə və ya ümumiyyətlə ödəmədikdə, bank tərəfindən hesablanan faizlər, cərimələr və digər maliyyə sanksiyaları avtomatik olaraq zaminin də öhdəliyinə çevrilir.

Yaranan əlavə xərclərin tərkibinə müqavilə şərtlərinin pozulmasına görə tətbiq edilən dəbbə pulu (dəymiş zərər), hesablanmış əlavə faizlər, habelə borcun məcburi qaydada tutulması üçün bankın çəkdiyi hüquqi xərclər daxildir.

Əgər məsələ məhkəmə müstəvisinə keçərsə, Mülki Məcəllənin 472.2-ci maddəsinin tələbinə uyğun olaraq, iddia qaldırılması üçün ödənilən dövlət rüsumu və işə baxılması ilə bağlı digər məhkəmə xərcləri də zaminin üzərinə qoyulur. Məhkəmə qərarı icraya yönəldildikdə isə icra məmurları tərəfindən tətbiq edilən icra ödənişləri (məcburi icra xərcləri) də cavabdeh qismində zaminin əmlakından və ya əməkhaqqından tutula bilər.

Təcrübədə banklar adətən müştərək zaminlik müqavilələrinə üstünlük verirlər. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə, borc ödənilmədikdə kreditor əsas borclu ilə zaminə qarşı müştərək tələb irəli sürmək hüququna malikdir. Bu da banka imkan verir ki, əsas borclunun ödəniş qabiliyyətinin olub-mamasından asılı olmayaraq, birbaşa zaminə müraciət etsin və bütün borcu — əsas məbləğ, faiz və bütün əlavə xərclər daxil olmaqla — ondan tələb etsin.

Zaminin bu cür əlavə xərclərdən azad olmasının yeganə hüquqi yolu zaminlik müqaviləsi bağlanarkən məsuliyyətin həcmini xüsusi bəndlə məhdudlaşdırmaqdır. Mülki Məcəllənin 472.2-ci maddəsində yer alan “zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa” qeydi tərəflərə müqavilə sərbəstliyi verir. Əgər müqavilədə zaminin yalnız əsas borca görə məsuliyyət daşıdığı, dəbbə pulu və məhkəmə xərclərinə görə cavabdeh olmadığı açıq şəkildə yazılarsa, bank əlavə xərcləri zamindən tələb edə bilməz. Lakin kommersiya banklarının standart təcrübəsində bu cür məhdudlaşdırıcı bəndlərə nadir hallarda rast gəlinir.

Öhdəliyin icrasından sonra zaminin hüquqi müdafiəsi Mülki Məcəllənin 474.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, kreditorun tələbini yerinə yetirən zamin reqres (geritələb) hüququ qazanır. Bu o deməkdir ki, zamin banka ödədyi bütün summanı — əsas borcu, faizləri, cərimələri və ödənilmiş məhkəmə-icra xərclərini — sonradan əsas borcludan məhkəmə qaydasında tələb etmək və zərərini təmin etmək hüququna malikdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*