Milli Məclisdə deputatların səlahiyyətlərinin artırılması məsələsi yenidən gündəmə gəlib. Deputat Səyyad Aran deyir ki, vətəndaşlar problemlərini deputatlara çatdırır, amma deputatların həmin problemləri həll etmək üçün imkanları məhduddur. O, xüsusilə nazirlərin və dövlət qurumlarının deputat müraciətlərinə münasibətindən narazılığını ifadə edib.
İlk baxışdan adam düşünür ki, bəlkə doğrudan da deputatların hansısa mühüm konstitusion səlahiyyəti çatışmır. Məsələn, qanunvericilik təşəbbüsü üçün ayrıca düymə, nazirə zəng edəndə avtomatik açılan “qırmızı düymə”, yaxud dövlət qurumuna müraciət edəndə ekranda “Diqqət! Deputat zəng edir” yazısı…
Amma məsələni bir az eşələyəndə ortaya tamam başqa mənzərə çıxır. Çünki deputatın əsas işi qanunvericilik fəaliyyəti və parlament nəzarətidir. Millət vəkilinin vətəndaşın problemini dinləməsi vacibdir, dövlət qurumlarının müraciətlərə münasibət göstərməsi də həmçinin. Amma deputatın səlahiyyətini artırmaq deyəndə bunun hansı səlahiyyət olduğunu dəqiq demək lazımdır.
Yoxsa belə çıxır ki, deputat rayona gedir, camaat deyir “iş ver”, deputat idarə müdirinə zəng edir, gözünə döndüyüm müdür də cavab verir ki, “Bu, sizin səlahiyyətinizə aid deyil”.
Bax onda Səyyad Aran qəzəblənir. Maraqlıdır, bu məntiqə görə, sabah deputat deyəcək ki, vətəndaşın uşağı xəstədir, mənə səhiyyə sahəsində səlahiyyət verin. Birisi deyəcək ki, kəndə su gəlmir, mənə su idarəsinin rəhbərini dəyişmək səlahiyyəti verin. Başqası deyəcək ki, rayonda yol pisdir, deputata asfalt çəkmək hüququ verilsin.
Beləcə parlament yavaş-yavaş qanunverici orqandan “ümumi problemlərin həlli mərkəzi”nə çevrilər. Səyyad Aran da səhər qanun yazıb, günorta işə adam götürüb, axşam yol çəkdirər.
Əslində isə burada başqa bir məsələ var: deputat vətəndaşa nə vəd etməlidir?
Əgər deputat seçiciyə “mən sənin problemini həll edəcəyəm” deyirsə, seçicinin də haqlı olaraq ondan nəticə gözləməsi təbiidir. Amma deputatın vəzifəsi icra hakimiyyətinin işini görmək deyil. Deputatın gücü konkret vətəndaşın işə düzəlməsində deyil, həmin vətəndaşın probleminə səbəb olan sistemli məsələnin qanunvericilik səviyyəsində həllində olmalıdır.
Səyyad Aranın narazılığı isə başqa bir epizodla daha da maraqlı şəkil alır. Millət vəkili bildirib ki, iki aydır Emin Əmrullayevə zəng edir, amma ona cavab verilmir. Ardınca isə belə deyib: “Sənə hansısa Həsən, Hüseyn yox, deputat zəng edib”.
Bax, bütün məsələ elə bu cümlədə ilişib qalır. Hansısa Həsən, Hüseyn kimdir? Vətəndaş deyilmi? Vergi ödəyən deyilmi? Seçkidə səs verən deyilmi? Deputatın seçilməsini təmin edən həmin “Həsən və Hüseyn” deyilmi? Şəhid atası deyilmi? 44 günlük müharibədə canını qurban verən Vətən övladı deyilmi?
Deməli, problem nazirdə deyil, düşüncə tərzindədir. O düşüncə ki, zəng edəndə özünü “Həsən-Hüseyn”dən daha üstün kateqoriyada təqdim edir. Belə düşüncə tərzinə sahib Səyyad Aranın səlahiyyəti niyə artırılmalıdır ki?! Bəlkə əvvəlcə onun vətəndaşla münasibətini aydınlaşdıraq? Bəlkə “Həsən, Hüseyn” dediyimiz insanlara ehtiramın səviyyəsini yüksəldək?
Axı ay millət, Səyyad müəllim də yadda saxlamalıdır ki, onun qarşısında dayanan vətəndaş da sadəcə “hansısa Həsən” deyil. Bu, o Həsəndir ki, problemi illərdir həll olunmur, uşağı iş axtarır, ağır xəstəsi var, müalicəyə pul tapa bilmir və ya əlillik pensiyası haqsız olaraq ləğv olunub. Hələ bu azmış kimi sənədsiz evinə kupça ala bilmir. Qanunsuz evdə uşaq böyüdür.
Hələ sən də səlahiyyətin olmaya-olmaya əlinə düşən tribunadan çıxıb deyirsən ki, hansısa Həsən, Hüseyn…
Məsələnin ən ironik tərəfi də budur ki, Səyyad Aran özü deyir: deputatlar xalqın içindədir, vətəndaşları dinləyirlər və problemləri eşidirlər. Eyni çıxışında isə nazirlərin camaatın qarşısına çıxmasını tələb edir. Çox gözəl. Amma xalqın içində olmaq yalnız xalqın şikayətini dinləmək deyil. Xalqın içində olmaq həm də həmin xalqın ləyaqətinə və adına hörmət etməkdir.
Ona görə də Səyyad Aranın səlahiyyətlərinin artırılması məsələsi müzakirə ediləcəksə, əvvəlcə çox sadə bir sual verilməlidir: Artırılan səlahiyyət nəyə xidmət edəcək? Qanunların daha keyfiyyətli hazırlanmasınamı, yoxsa dövlət qurumları üzərində parlament nəzarətinin gücləndirilməsinəmi?
Bəlkə həqiqətən Səyyad Aran vətəndaş müraciətlərinin daha effektiv araşdırılmasını istəyir. Şəxsən mən buna inanmıram. YAP-ın 8-ci qurultayı gəlir. Nədənsə, mənə elə gəlir, Səyyad Aranın başqa dərdi var. Əlbəttə, bunların hər biri ciddi müzakirə mövzusudur.
Amma məsələ “mən nazirə zəng etdim, telefonumu açmadı, ona görə deputatın səlahiyyəti artırılsın” səviyyəsinə endiriləcəksə, onda bu, artıq parlament islahatından çox, nazirlərin deputatlara əlçatanlıq məsələsinə bənzəyir.
Gəlin, təsəvvür edək ki, deputatın səlahiyyəti artırıldı. Ertəsi gün Emin Əmrullayev telefonuna baxdı. Gördü ki, Aran həzrətləri zəng edib. Bəs onda nə olacaq? Hansısa Həsənlə Hüseyn rahat nəfəs alacaqmı?!
Doğrudur, deputatın zəngi cavabsız qalmamalıdır. Bir şərtlə ki, hər bir vəzifəli Həsənlə Hüseynə insan kimi, vətəndaş kimi, seçici kimi baxmalıdır.
Deputatın səlahiyyətini artırmaqdan əvvəl deputatın öz yaddaşını gücləndirmək lazımdır: o kresloda oturan adamın qarşısındakı “hansısa Həsən” deyil, məhz həmin kreslonun sahibi olan xalqdır.
Səyyad Aran, elə zəng etdiyin Emin Əmrullayev də sənin kimi düşünür ki, deputatın zənginə hansısa Həsən, Hüseyn kimi baxır.
Fadil Paşayev,
Əməkdar jurnalist
