Vahid məktəbli forması ilə bağlı YENİLİK: Şagirdlər nəyi bilməlidir?backend

Vahid məktəbli forması ilə bağlı YENİLİK: Şagirdlər nəyi bilməlidir?

Məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı qərar yenidən gündəmə gəlib. Vahid forma təkcə məktəb nizam-intizamının qorunması deyil, həm də şagirdlər arasında sosial-iqtisadi fərqlərin önə çıxmasının qarşısının alınması baxımından müzakirə olunur.

Bəs vahid məktəbli forması sosial bərabərliyə və inklüziv məktəb mühitinə hansı töhfəni verə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, Nazirlər Kabinetinin 2022-ci il tarixli qərarına edilmiş dəyişikliklərlə orta ümumtəhsil məktəblərində vahid geyim formasının tətbiqi ilə bağlı tələblər dəqiqləşdirilib.

Ekspertin sözlərinə görə, vahid məktəbli forması ilk növbədə məktəbdə nizam-intizamın və sosial bərabərliyin qorunmasına xidmət edə bilər:

“Vahid geyim formasının tətbiqi məktəbdə nizam-intizamın yüksək səviyyədə saxlanmasına, eləcə də sosial bərabərliyin qorunmasına müəyyən qədər töhfə verəcək. Şagirdlərin geyim üzərindən sosial-iqtisadi fərqlərinin ön plana çıxmasının qarşısının alınması baxımından da bunun əhəmiyyəti var”.

R.Nurəliyev qeyd edib ki, bir sıra ölkələrdə, o cümlədən Türkiyədə məktəbli forması ilə bağlı müxtəlif yanaşmalar tətbiq olunur. Onun fikrincə, vahid forma şagirdlərin məktəb mühitində ümumi qaydalara uyğunlaşmasına və tədris prosesinə daha nizamlı şəkildə cəlb olunmasına təsir göstərəcək.

Ekspertin sözlərinə görə, müəyyən edilmiş məktəbli formasından kənara çıxılması halında şagirdlərə münasibətdə məktəbin nizam-intizam qaydalarına və mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcək.

“Şagirdlərin müəyyən edilmiş qaydalara əməl etməsi vacibdir. Vahid geyim formasından kənara çıxılması halında məktəbin daxili nizam-intizam qaydalarına uyğun tədbirlər görülməsi nəzərdə tutula bilər. Bu prosesdə valideynlərin və məktəb rəhbərliyinin də nəzarəti və dəstəyi mühüm əhəmiyyət daşıyır”, – deyə R.Nurəliyev vurğulayıb.

Ekspert əlavə edib ki, xüsusi hallarda, məsələn, məktəbin tədbirləri zamanı milli geyimlərdən istifadə məsələsinə də məktəbin pedaqoji şurasının qərarı ilə baxıla bilər. Belə tədbirlər şagirdlərin tədris prosesinə və məktəbin ictimai həyatına cəlb olunması çərçivəsində təşkil ediləcək.

R.Nurəliyev hesab edir ki, vahid forma məktəbdə şagird-müəllim münasibətlərinin, nizam-intizamın və tədris mühitinin formalaşmasına təsir edən amillərdən biri kimi qiymətləndirilir. Bu baxımdan şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi, valideynlərin isə həmin tələblərin icrasına dəstək göstərməsi vacibdir.

Bununla yanaşı, vahid formanın hazırlanması və seçilməsi zamanı şagirdlərin yaş xüsusiyyətləri, gündəlik hərəkət rahatlığı, mövsümi şərait və geyimin praktikliyi kimi amillərin nəzərə alınması da məktəb mühitinin rahatlığı baxımından əhəmiyyət daşıyır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*