Rusiyada ümumi olaraq “bir nəfər – bir pensiya” prinsipi tətbiq edilsə də, müəyyən kateqoriyalara aid şəxslərə eyni vaxtda iki pensiya almaq hüququ verilir. Hərbi travma nəticəsində əlilliyi olan şəxslər, hərbçilər, müharibə iştirakçıları, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edənlər və digər kateqoriyalar bu mexanizmdən yararlana bilirlər.
Bəs Azərbaycanda da oxşar modelin tətbiqi mümkündürmü? Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə, hərbi xidmət zamanı sağlamlığını itirənlərə və digər xüsusi kateqoriyalara iki pensiyanın verilməsi gündəmə gələ bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, Azərbaycanda bunun üçün ilk növbədə mövcud qanunvericiliyə dəyişiklik edilməlidir.
Onun sözlərinə görə, “Əmək pensiyaları haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən, pensiya hüququ olan şəxslərə onların seçimi əsasında yalnız bir pensiya təyin olunur. Yəni şəxs həm yaşa, həm də əlilliyə görə pensiya hüququ qazandığı halda, hər iki pensiyanı eyni vaxtda ala bilmir.
İqtisadçı qeyd edib ki, Rusiyada isə müəyyən kateqoriyalara iki pensiyanın ödənilməsi ilə bağlı xüsusi mexanizm mövcuddur:
“Əgər Azərbaycanda da oxşar model tətbiq olunarsa, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, hərbi xidmət zamanı sağlamlığını itirmiş şəxslər üçün ikili pensiya hüququ yarana bilər. Lakin bunun tətbiqi hüquqi baxımdan hazırkı qanunvericilik çərçivəsində mümkün deyil. Bunun üçün qanunvericiliyə dəyişiklik edilməli və yeni hüquqlar tanınmalıdır”.
Razi Abbasbəyli hesab edir ki, məsələnin yalnız hüquqi tərəfi deyil, iqtisadi və maliyyə yükü də nəzərə alınmalıdır. Onun fikrincə, iki pensiyanın ödənilməsi dövlət büdcəsi və sosial müdafiə sisteminin xərclərini əhəmiyyətli dərəcədə artıracaq.
“İqtisadi baxımdan ən real variant iki pensiyanın verilməsi deyil, pensiyaların təyin edilməsi ilə bağlı daha ədalətli mexanizmin tətbiqidir. Əgər iki pensiya almaq hüququ tanınarsa, büdcənin yükündə ciddi artım yarana bilər. Bu isə əlavə xərclərin formalaşmasına səbəb olacaq”, – deyə iqtisadçı vurğulayıb.
Ekspertin sözlərinə görə, belə bir dəyişiklik ciddi müzakirə tələb edir. Dövlət gəlirləri, sosial xərclərin həcmi və Dövlət Sosial Müdafiə Fondunun maliyyə imkanları ayrıca təhlil edilməlidir.
O, bildirib ki, DSMF-nin gəlirləri son illərdə müəyyən qədər artsa da, son iki ildə artım tempində yavaşlama müşahidə olunur. Bunun səbəbləri sırasında iş yerlərinin azalması, ixtisarların genişlənməsi, eləcə də kiçik və orta sahibkarlıq sahəsində iqtisadi göstəricilərin zəifləməsi göstərilir. Bu amillər fondun daxilolmalarına da təsir edir.
“Belə bir şəraitdə yeni mexanizm tətbiq etmək, Rusiyadakı iki pensiya modelini Azərbaycanda həyata keçirmək çətin görünür. Təəssüf ki, bir sıra iqtisadi proqnozlarda Azərbaycanın yaxın bir neçə ildə iqtisadi artım tempinin yavaşlayacağı qeyd olunur. Bu baxımdan, Rusiyadakı kimi ikili pensiya modelinə keçid hazırkı şərtlərdə real görünmür”, – Razi Abbasbəyli əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az
