Diasporla İş üzrə Baş Komissar Zare Sinanyan Fransa hakimiyyətindən Fransadakı erməni təhsil və mədəniyyət müəssisələrinin lazımi təhlükəsizliyini təmin etmələrini tələb edəcək. KONKRET.az xəbər verir ki, Sinanyan bu barədə “Facebook” səhifəsində Sevres Mxitarist camaatının Samuel-Muradyan gimnaziyasına hücumu ilə bağlı yazıb.
“Mən Vardapet Harutyun Pztikyanla (Mxitarist Camaatının üzvü) danışdım. Samuel-Muradyan gimnaziyasına vurulan ziyan təsəvvür etdiyinizdən qat-qat çoxdur”, – deyə Sinanyan hiddətini sosial şəbəkələrə töküb. O qeyd edib ki, bu, erməni mədəniyyət mərkəzinə artıq ikinci bənzər hücumdur.
“Biz Fransa hakimiyyətindən ölkənin erməni təhsil və mədəniyyət müəssisələri üçün adekvat təhlükəsizliyin təmin olunmasını tələb edəcəyik”, – deyən Sinanyan bu cür vandalizmi yolverilməz hesab edib.
Xatırladaq ki, dünən Parisin şimalında Samuel-Muradyan erməni gimnaziyasına hücum edildiyi məlum olub. Üç gün əvvəl isə Nouvelles d’Arménie ofisinə hücum edildiyini Ermənistan səfirliyi bildirmişdi.
