Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Böyük Britaniyaya rəsmi səfər edib.
KONKRET.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.
Bildirilir ki, Zelenskinin Avropa tərəfdaşları ilə bir sıra görüşləri nəzərdə tutulub. O, Böyük Britaniyanın baş naziri Kir Starmer, Fransanın prezidenti Emmanuel Makron və Almaniyanın kansleri Fridrix Merts ilə danışıqlar aparacaq.
Məlumata görə, Makronun Dауning Stritə gəlməsi gözlənilir. Bundan sonra “Avropa üçlüyü”nin ilk görüşü başlayacaq. Liderlər əsas müzakirələrdən əvvəl qısa bəyanatlarla çıxış edəcəklər. Daha sonra Zelenski Starmerlə ikitərəfli görüş keçirəcək və Finlandiya, İtaliya, NATO və Aİ liderləri ilə birgə telefon danışığına qoşulacaq.
Britaniyadakı danışıqlardan sonra Zelenski Belçikaya yollanacaq. Burada onun NATO baş katibi Mark Rütten və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə görüşü planlaşdırılıb.
Qeyd olunur ki, qrafik dəyişdirilə bilər, lakin bu səfər son dövrlər Zelenskinin ən intensiv diplomatik missiyalarından biri hesab olunur.
NATO-nun mətbuat xidməti prezident Zelenskinin NATO baş katibi Mark Rütten, Avropa İttifaqının prezidenti Antoniu Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə görüşünün mətbuat üçün qapalı keçiriləcəyini təsdiqləyib.
Bundan əvvəl Zelenski Bloombergə bildirmişdi ki, tərəflər hələlik Donbas məsələsi üzrə yekun razılığa gəlməyiblər. Ərazi məsələsi və Ukraynanın təhlükəsizlik təminatları hələ də ən həssas mövzular olaraq qalır.
ABŞ prezidenti Donald Tramp isə bu danışıqların nəticələrindən “məyus” olduğunu deyib. Onun sözlərinə görə, Zelenski ABŞ-ın təklifini “lazımi şəkildə araşdırmayıb”.
Müşviq Tofiqoğlu
KONKRET.az
