Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ nümayəndə heyətinin Rusiya və Ukraynaya gözlənilən səfəri barədə mühüm bəyanat yayıb.
KONKRET.az xəbər verir ki, dövlət başçısı bu barədə rəsmi Telegram kanalında məlumat paylaşıb.
Zelenski bildirib ki, ABŞ Prezidentinin komandasından olan Stiv Uitkoff və Cared Kuşner yaxın günlərdə Moskvaya, bazar günü isə Kiyevə səfər edəcəklər. Səfərə ciddi hazırlıq görüldüyünü vurğulayan Ukrayna lideri danışıqların təhlükəsizliyi üçün hava məkanı ilə bağlı əsas şərtlərini açıqlayıb:
“Amerikalı tərəfdaşlarımızın əvvəlki diplomatik səfərlərində olduğu kimi, danışıqlar aparan heyətin təhlükəsiz gəlişini təmin etmək üçün Rusiya hava məkanının normal fəaliyyət göstərməsinə zəmanət verəcəyik. Biz Rusiyanı yox, onları qoruyuruq. Bizim tərəfimizdən heç bir hava zərbəsi olmayacaq. Rusiya da eyni addımı atmalı, bu səfər və logistik məsələlər həll olunana qədər hava zərbələrini dayandırmalıdır”.
Ukrayna lideri əlavə edib ki, səfərin əsas məqsədi müharibənin başa çatdırılması üçün real və işlək variantlar tapmaqdır: “Biz Stiv və Caredin hansı təkliflərlə gələcəyini və Moskvada onlara nə cavab veriləcəyini diqqətlə izləyəcəyik”.
Natiq Səlim,
KONKRET.az
