10 il keçdi, sakinlər hələ də mənzillərinə qayıda bilməyib – Bakıda söküntülər niyə ləngiyir?backend

10 il keçdi, sakinlər hələ də mənzillərinə qayıda bilməyib - Bakıda söküntülər niyə ləngiyir?

Paytaxtda qəzalı və köhnə binaların sökülməsi prosesi illərdir davam etsə də, minlərlə bina hələ də növbəsini gözləyir. Bir sıra ərazilərdə köhnə tikililərin yerində yeni yaşayış binaları inşa edilərək sakinlərə təhvil verilsə də, bəzi layihələr müxtəlif səbəblərdən yarımçıq qalıb.

Bəs paytaxtda söküntü və yenidənqurma işləri niyə ləng gedir?

Əmlak eksperti Elnur Azadov KONKRET.az-a açıqlamasında bildirib ki, pilot layihələr çərçivəsində həyata keçirilən bəzi tikintilər müxtəlif problemlərlə üzləşib.

Elnur Azadov: “Son 4-5 il ərzində qiymətlərin 70 faizə qədər artma səbəbi tikinti layihələrinin kəskin azalması oldu”

Onun sözlərinə görə, Qara Qarayev metrosu yaxınlığında yerləşən pilot layihələrdən birində sakinlər təxminən 10 il əvvəl köçürülsə də, problem hələ də tam həllini tapmayıb:

“Köhnə binalar sökülüb, yeni bina tikilib. Lakin bina hazır olmasına baxmayaraq mənzillərin təmirinə belə başlanılmayıb. Bina istismara qəbul edilsə də, sonradan məlum olub ki, tikinti şirkəti mənzillərin ikili satışını həyata keçirib. Buna görə də sakinlərə mənzillər təhvil verilməyib və proses illərlə uzanıb.”

Ekspert qeyd edib ki, oxşar problemlər təkcə bir layihə ilə məhdudlaşmır. Onun sözlərinə görə, bəzi binalar inşa olunsa da, hələ də istismara qəbul edilməyib:

“Hazırda ölkə üzrə ümumilikdə təxminən 2500-2600 çoxmənzilli bina mövcuddur. Onlardan 200-220-si hazırda tikinti mərhələsindədir. Elə binalar var ki, insanlar orada yaşayırlar, lakin bina istismara qəbul olunmadığı üçün mənzillərə çıxarış verilmir.”

Elnur Azadovun fikrincə, tikinti layihələrində hüquqi və maliyyə problemlərinin aradan qaldırılması, eləcə də nəzarətin gücləndirilməsi paytaxtda söküntü və yenidənqurma prosesinin sürətlənməsi üçün əsas şərtlərdən biridir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*