Hakerlər IKEA, Salesforce, BBC, CNN və digər tanınmış şirkətlərin də daxil olduğu 178 təşkilatın internet saytlarına kiberhücum həyata keçiriblər. Hücumun əsas məqsədi istifadəçilərin pul vəsaitlərini ələ keçirmək, bank kartlarının məlumatlarını oğurlamaq və Apple cihazlarına zərərli proqramlar yerləşdirmək olub.
KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, kibercinayətkarlar şirkətlərin internet saytlarını sınaqdan keçirmək və optimallaşdırmaq üçün istifadə olunan Optimizely platformasının koduna zərərli proqram təminatı yerləşdiriblər.
Kibertəhlükəsizlik üzrə tədqiqatçı Skott Helmin sözlərinə görə, hücum nəticəsində müxtəlif sahələrdə fəaliyyət göstərən 178 şirkətin internet resursları zərər görüb. Hədəfə alınan təşkilatlar arasında IKEA, proqram təminatı istehsalçısı Salesforce, kredit bürosu Equifax, BBC, CNN və Air France da var.
İstifadəçilərin bank məlumatları və kriptovalyutaları hədəfdə
“Reuters”in məlumatına əsasən, hakerlər yoluxdurulmuş internet səhifələri vasitəsilə smartfon istifadəçilərinin kriptovalyutalarını və bank kartı məlumatlarını oğurlamağa çalışıblar. Bundan başqa, istifadəçilərin cihazlarına zərərli proqramlar yükləmək cəhdləri də qeydə alınıb.
Hadisə ilə bağlı Salesforce şirkəti Optimizely platformasının kodunda icazəsiz dəyişikliklərin edildiyini araşdırdığını bildirib. Şirkət ehtiyat tədbiri olaraq həmin platforma ilə əlaqəli bəzi funksiyaları müvəqqəti dayandırıb.
Equifax isə öz sistemlərində yoluxma əlamətlərinin aşkarlanmadığını açıqlayıb. Şirkət hadisənin bütün təfərrüatları aydınlaşanadək Optimizely platformasından istifadəni dayandırıb.
Hadisə iri şirkətlərin istifadə etdiyi rəqəmsal platformaların təhlükəsizliyi və belə sistemlərə edilən hücumların milyonlarla istifadəçi üçün yarada biləcəyi riskləri yenidən gündəmə gətirib.
Natiq Səlim,
KONKRET.az
