Döyüş sənətində də özünəməxsus bir zəriflik mövcuddur. Yapon dilində bu anlayış “sibumi” adlanır. Bu söz həm də təmkinli üslubu, sadəliyi və zövqlü zərifliyi ifadə edir. Məsələn, qara rəngli “Rolls-Royce” sibumidir, qızıl suyuna çəkilmiş, üstüaçılan avtomobil isə sadəcə zövqsüzlük nümunəsidir.
Kokoro ruhuna və düşüncə tərzinə sahib olan mahir strateq heç vaxt nümayişkaranə və qeyri-adi texnikalara əl atmır. Onun duruşundakı mükəmməllik və hərəkətlərindəki sadəlik seçdiyi strategiyaya əbədi gözəllik bəxş edir. Kokoro ona qələbəyə köklənməyə, eyni zamanda məğlubiyyət ehtimalını da qəbul etməyə imkan verir. O, məğlubiyyət barədə narahatlıq keçirmir, sadəcə öz üslubuna sadiq qalaraq hərəkət etmək əzmini qoruyur.
Gənc döyüşçü hücuma məruz qaldıqda və əlbəyaxa döyüşə girməyə məcbur olduqda, havaya sıçrayaraq zərbə endirməyə, ardınca isə mürəkkəb kombinasiyalarla əks-hücuma keçməyə cəhd göstərə bilər. Hətta qalib gəlsə belə, onun qələbəsində xüsusi bir möhtəşəmlik olmayacaq.
Əsl usta isə heç vaxt belə müdafiə üsuluna əl atmaz. O, böyük ehtimalla, rəqibin hücumundan yayınmaq üçün sadəcə yüngülcə yana çəkilər və eyni anda bircə dəqiq zərbə endirər. Onun duruşu, hərəkətlərin zamanlaması və rəqiblə arasındakı məsafə mükəmməl görünər.
Sibumi fəlsəfəsinin təcəssümü olan belə bir insan döyüşmədən qalib gəlir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
