Bu gün Azərbaycanda 44 günlük Vətən müharibəsinə həsr olunan Zəfər paradı keçirilib.
KONKRET.az xəbər verir ki, belə bir əzəmətli paradın növbəti illərdə Şuşada keçirilməsi təklif olunur. Sözsüz ki, maraqlı təklifdir. Bəs görəsən, bu təklifin həyata keçirilməsi nə dərəcədə realdır?
Millət vəkili Ceyhun Məmmədovun fikrincə, Zəfər paradlarının növbəti illərdə Şuşada keçirilməsi mümkündür:

“Şuşa Qarabağın mərkəzi hesab olunur. Onun Azərbaycan tarixində xüsusi yeri var. Şuşa Azərbaycan mədəniyyətinin beşiyi sayılır. Cənab Prezident də qeyd etmişdi ki, Şuşa işğaldan azad edilməmiş Qarabağ müharibəsi bitmiş hesab olunmur. Onun işğaldan azad edilməsində xalqımız böyük qəhrəmanlıq və şücaət ortaya qoydu. Bu baxımdan Şuşanın tariximizdə əhəmiyyətli yeri var. Ona görə də, növbəti illərdə belə bir Zəfər paradının Şuşada keçirilməsi məsələsinə baxıla bilər”.
Nərgiz Mirzəyeva,
KONKRET.az
