Ukraynanın Moskvaya kütləvi PUA hücumu həyata keçirdiyi bildirilir.
KONKRET.az xəbər verir ki, Rusiya rəsmilərinin məlumatına görə, son sutka ərzində Moskva istiqamətində 1 600-dən çox pilotsuz uçuş aparatı məhv edilib. Onlardan təxminən 450-nin Moskvanı hədəf aldığı açıqlanıb.
Moskva meri Sergey Sobyanin hücumu paytaxta qarşı indiyədək qeydə alınan ən böyük PUA hücumu kimi qiymətləndirib.
Hücum zamanı Moskvanın Kapotnya rayonunda yerləşən Moskva Neft Emalı Zavodunun ərazisinə PUA düşüb. Zavodda yanğın baş verdiyi və tüstünün yüksəldiyi bildirilib. Hadisənin nəticəsində obyektə dəyən ziyanın miqyası hələlik açıqlanmayıb.
Bundan başqa, Moskva vilayətinin Ramenskoye rayonunda yaşayış binalarına və logistika obyektlərinə zərər dəyib. Rusiya rəsmilərinin məlumatına görə, vilayətdə iki nəfər həlak olub.
Hücum nəticəsində Moskva və ətrafındakı hava limanlarında da uçuş məhdudiyyətləri tətbiq olunub.
Günay Əli
KONKRET.az
