14 mayda bizi nə gözləyir? – İLGİNC DETALLARbackend

14 mayda bizi nə gözləyir? – İLGİNC DETALLAR

Dünən belə bir məlumat yayıldı ki, “Bir qrup ictimai fəal mayın 14-də Bakının Fəvvarələr Meydanında etiraz aksiyası keçirmək barədə qərar qəbul edib. Aksiyanın məqsədi ictimai-siyasi xadimlərə qarşı artan fiziki zorakılıq və təhdidlərə etiraz daşıyır”.

Düzü çoxdan idi ki, belə məlumatlara rast gəlinmirdi. Üstəlik də “bir qrup gəncin” bu “vətənpərvər” təşəbbüsü, “aksiya”nın məramı, yeri və vaxtı xeyli maraq doğurdu.

Ona görə də bəzi araşdırmalar aparmaq məcburliyyətində qaldım.

Başlayaq “aksiya”nın məramından. “İctimai fəallar”ın müraciətində deyilir ki, bəzi insanlara qarşı son vaxtlar fiziki zorakılıq tətbiq olunub. Bu “aksiya” vasitəsi ilə “bir qrup fəal” bu “zorakılığı” ictimailəşdirmək istəyir.

Əvvəla onu deyim ki, bəyanatda adı çəkilən Tofiq Yaqublunun, Bəxtiyar Hacıyevin və digərlərinin üzləşdiyi olay kifayət qədər ictimailəşib. Hər kəs nəyin necə olduğunu çox yaxşı bilir.

İkincisi də ki, adı çəkilən şəxslərin üzləşdikləri olaylara lazımı hüquqi qiymət verilib. Bəs onda bu “ictimai fəal”lar nəyi ictimailəşdirmək istəyir?

Həəə, bax burda “torbadakı pişiyin quyruğu görünür”. Bəlli olur ki, bu “qəhrəmanlar”ın əsl hədəfi başqadır. Məsələn, bir anlığa aksiyanın keçiriləcək tarixinə diqqət edək. Niyə məhz 14 may?!

İlk andaca ağıla gələn o olur ki, 14 may “ictimai fəal”ların sələfləri üçün müqəddəs bir gündür. Bildiyimiz kimi, 14 may 1992-ci ildə AXC-Musavat cütlüyü müstəqillik tariximizdə ilk və yəqin ki, sonuncu olacaq bir vasitə – silahlı yolla hakimiyyətə gəldilər. Məhz 14 mayda AXC-Musavat cütlüyü elan olunmuş prezident seçkilərinə sayılı günlər qaldığı bir zamanda Ali Sovetin binasına silahlı basqın edərək hakimiyyəti zorla ələ keçirdilər. Bundan sonra keçirilən prezident seçkiləri əslində formal bir xarakter daşıyırdı. Seçkilərin nəticəsi də bunu sübut etdi. Əbülfəz Elçibəy seçkilərin qalibi oldu. Halbuki o zamanlar hamı Nizami Süleymanovun qalib gəldiyini deyirdi. Amma xalqın səsini o zaman kim idi eşidən… O zaman hakimiyyəti silahlı yolla ələ keçirənlərin, insan haqlarını ayaqlar altına atanların xələfləri bu günlər yenidən aktivləşiblər. Çünki o “məsum gün”dən düz 30 il keçir. Ustadlarından göstəriş, havadarlarından təlimat alan bir qrup “ictimai fəal” yubiley ilini yadda qalan etmək istəyirlər. Yubileyin yaddaqalan olması üçün də xarici missionerlər də artıq hərəkətə keçib.

Təsadüfi deyil ki, ötən gün ABŞ səfirliyi jurnalist Aytən Məmmədovanın təhdid edilməsi ilə bağlı bəyanat yayıb. Sənəddə deyilir ki, “Bu hücum Bakıda Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd olunmasından cəmi bir həftə sonra baş verib. Biz işi diqqətlə izləyirik və səlahiyyətli şəxsləri istintaq aparmağa və məsul şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq”.

Bir qrup “ictimai fəal”ın da məhz bu bəyanatdan bir neçə saat sonra ortaya atılması da çox mətləblərdən xəbər verir. Çünki Azərbaycandakı siyasi-iqtisadi sabitlik Qərbin qətiyyən maraqlarına uyğun gəlmir. Sabitlik olan ölkəyə təzyiq eləmək və istədiyi nəticəyə nail olmaq xarici missionerlər üçün heç də asan məsələ deyil. Ona görə də xarici qüvvələr ələ düşən ən xırda fürsətdən də yararlanmağa çalışır. Bu mənada Aytən Məmmədova faktorundan da Qərb çirkin məqsədlər üçün yararlanmaq istəyir. Bu yolda isə onlara ən yaxşı yardımçı yerli “ictimai fəallar” ola bilər. Təsadüfi deyil ki, ABŞ səfirliyinin bəyanatı və “ictimai faəllar”ın aksiya keçirmək təşəbbüsləri nəinki eyni gündə, hətta eyni saatlarda səsləndi. Bu isə torbadakı pişiyin bütün parametrlərini açıq-aydın ortaya qoyur.

Nəhayət, gələk aksiya üçün seçilmiş yerə. Niyə məhz “Fəvvarələr Meydanı”? Axı, bu ərazi ictimai tədbirlərin keçirilməsi üçün qətiyyən uyğun yer deyil. Çünki bura əsasən istirahət zonası sayılır. Burda gəzişənlərin böyük əksəriyyəti uşaqlı ailələrdir. Üstəlik, bu ərazidən DİN-ə cəmi-cümlətani 150-200 metrdir. Bu qısa məsafədə necə dinc yürüş keçirmək olar? Məsafənin qısa olması bir yana, bura şəhərdə ictimai hərəkətin ən sıx olduğu məkandır.
Hələ onu demirəm ki, ictimai aksiya keçirməyin bəlli hüquqi yolu var.

Qaydaya görə, Təşkilat Komitəsi tədbirin keçirilməsi nəzərdə tutulan vaxtdan bir müddət əvvəl yerli icra hakimiyyətinə yer və vaxt barədə müraciət ünvanlayır. Bundan sonra razılaşdırılmış yerdə və vaxtda istənilən aksiya keçirilir. Amma gənc “ictimai fəallar” hər zaman olduğu kimi bu dəfə də razılaşdırılmamış “aksiya” keçirmək istəyirlər. Bu isə fikir azadlığı yox, qanun pozuntusudur. Qanunu və insanların istirahət və hərəkət sərbəstliyini pozmaqsa son nəticədə cinayətdir. Bəs elə isə cinayətkar necə haqdan və ədalətdən danışa bilər?

Bax, bu sualın da cavabını buraxıram həmən “ictimai fəallar”ın olmayan insafına…

Amma mən bəri başdan mayın 14-də nələrin olacağını deyim: Bir qrup “ictimai fəal” Fəvvarələr Meydanında qanunsuz aksiya keçirməyə cəhd edəcəklər. Təbii ki, ictimai asayişə cavabdeh olanlar da qanuna uyğun şəkildə bu başıpozuqluğun qarşısını alacaq. Bu zaman xarici missionerlərdən maddi dəstək alan bəzi “blogerlər”, “vaynerlər”, “jurnalistlər” və “siyasi fəallar” videolar çəkib dünyaya yayacaqlar ki, “Ay aman, Azərbaycanda insan haqları pozulur”. Necə deyərlər “qaşınmayan yerdən qan çıxardacaqlar”.

Bunun da yuxarıda adları çəkilən heç bir adama o cümlədən, Aytən Məmmədovaya isti-soyuğu olmayacaq. Bu ancaq Azərbaycanı istəməyən Qərbdəki bəzi dövlətlərin işinə yarayacaq. Birdə o dövlətlərdən maddi dəstək alan yerli “ictimai fəallar”ın “çörəyinə yağ sürtəcək”. VƏSSALAM…

Surxay Atakişiyev,

KONKRET.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*