Berlində “Həbsxana geyimində vicdan” sərgisi keçirilib – Siyasi məhbusların geyimləri nümayiş etdirilibbackend

Berlində “Həbsxana geyimində vicdan” sərgisi keçirilib – Siyasi məhbusların geyimləri nümayiş etdirilib

Almaniyanın paytaxtı Berlində “Həbsxana geyimində vicdan” adlı sərgi təşkil olunub.

KONKRET.az xəbər verir ki, sərgidə dünyanın müxtəlif ölkələrində siyasi məhbusların geyindiyi həbsxana paltarları nümayiş etdirilib.

Sərginin iki kuratoru var. Onlardan biri Myanmadan olan rəssam və hüquq müdafiəçisi Saydır. Siyasi məhbusun oğlu olan Say özü də insan hüquqları sahəsində fəaliyyət göstərir. Digər kurator isə Belarusda siyasi məhbus həyatı yaşamış Andrey Sannikovdur.

Sərginin ideyası hər iki şəxsin yay aylarında eyni konfransda həbsxana geyimində iştirak etməsindən sonra yaranıb.

İlkin olaraq ekspozisiyada 10 eksponatın nümayişi nəzərdə tutulsa da, Uqanda, İran və Kamerundan həbsxana geyimlərini çıxarmaq mümkün olmayıb. Nəticədə sərgidə yeddi ölkədən gətirilmiş eksponatlar təqdim edilib. Bunlar Venesuela, Belarus, Kuba, Kamboca, Tibet, Vyetnam və Myanmada siyasi məhbusların geyindiyi həbsxana geyimləridir.

Eksponatlar arasında belaruslu fəal Polina Şarendo-Panasyukun zəhərli çəhrayı rəngdə, güllü naxışlarla bəzədilmiş donu xüsusi diqqət çəkib.

Polina Şarendo-Panasyuk həbsdə olduğu müddətdə özünü məhbus deyil, hərbi əsir adlandırması ilə də tanınıb.

Sərginin əsas məqsədi müxtəlif ölkələrdə siyasi təqiblərə məruz qalan insanların taleyinə diqqət çəkmək, onların yaşadıqları həbsxana həyatını və azadlıq uğrunda mübarizəsini geyimlər vasitəsilə nümayiş etdirməkdir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*