Azərbaycanda hərbi xidmətə çağırış yaşının 18-dən başlayaraq 20-25 yaş aralığında müəyyənləşdirilməsi məsələsi zaman-zaman cəmiyyətdə müzakirə olunur. Belə bir dəyişikliyin gənclərin təhsil, peşə seçimi, karyera və ailə qurmaq planlarına təsir göstərə biləcəyi bildirilir. Digər tərəfdən, çağırış yaşının artırılmasının hərbi xidmətə hazırlıq və şəxsi heyətin formalaşdırılması baxımından hansı nəticələr doğuracağı da sual doğurur.
Bəs Azərbaycanda hərbi xidmətə çağırış yaşının 20-25 yaş aralığında müəyyənləşdirilməsi mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hazırda 18 yaş həddi optimal variant hesab olunur.

“Təhsilini davam etdirənlərə və sağlamlığı ilə bağlı problemləri olan şəxslərə möhlət hüququ verilir. Digər şəxslər isə 18 yaşından hərbi xidmətə çağırılır. Bu, vətəndaşlara məktəbi bitirdikdən sonra vaxt itirmədən hərbi xidmət keçməyə, xidmətdən sonra isə ixtisas və ya peşə seçərək əmək fəaliyyətinə başlamağa imkan yaradır”, – deyə ekspert qeyd edib.
Ədalət Verdiyevin sözlərinə görə, çağırış yaşının 25 yaşa qədər artırılması bəzi vətəndaşlar üçün ciddi zaman itkisinə səbəb ola bilər.
“Çağırış yaşının 25 yaşa qədər artırılması bəzi vətəndaşlar üçün 7 ilə qədər zaman itkisi yarada bilər. Bu müddət ərzində şəxs ailə qura, əmək fəaliyyətinə başlaya və müxtəlif sosial məsuliyyətlərlə üzləşə bilər. Ona görə də belə bir dəyişiklik cəmiyyətin sosial həyatına da təsirsiz ötüşməyəcək”, – deyə ekspert vurğulayıb.
Hərbi ekspert hesab edir ki, hazırda Azərbaycanda hərbi xidmətə çağırış yaşının 20-25 yaş aralığına keçirilməsi ilə bağlı müzakirələr aparılmır. Onun fikrincə, yaxın perspektivdə belə bir dəyişikliyin gündəmə gəlməsi də gözlənilmir.
Aynurə İsmayıl
KONKRET.az
