“Prezident Volodimir Zelenski ilə Ukrayna hərbçiləri arasında ciddi münaqişə başlayır”.
KONKRET.az Sputnik agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Belarus prezidenti Aleksandr Lukaşenko səsləndirib.
“Polşa gah nala vurur, gah da mıxa: “Biz qaçqınları qəbul edəcəyik, “Qəbul etməyəcəyik”, “Bizə pul verin”, “Ukraynaya pulu biz verəcəyik”. Onlar artıq razılaşıblar ki, Qərbi Ukraynanı ələ keçirsinlər. Ancaq bunu bacarmayacaqlar. Məndə olan məlumata görə, Zelenski ilə Ukrayna hərbçiləri arasında ciddi qarşıdurma və münaqişə başlayır”, – deyə Lukaşenko qeyd edib.
Onun sözlərinə görə, bu, Ukrayna hərbçilərinin daha döyüşə bilməyəcəklərini başa düşmələri ilə bağlıdır.
“Hərbçilər Rusiya ilə münaqişənin nə olduğunu başa düşürlər, çünki çoxlu ölən var. Və nəyə qadir olduqlarını və nə vaxtadək döyüşə bildiklərini görürlər. Bundan sonra döyüşə bilməyəcəklər. Görürsünüz ki, Rusiya öz taktikasını dəyişib”, – deyə Lukaşenko əlavə edib.
O, hesab edir ki, Zelenskinin Polşa hakimiyyəti ilə razılaşmaları Ukraynadakı “millətçi qüvvələr” arasında da narazılıq yaradıb.
“Onlar gördülər ki, Zelenski polyaklara status verib. Bu, nəyə gətirib çıxarır? Qərbi Ukraynanı ələ keçirəcəklər. Ona görə də prezidentlə hərbçilər arasında belə qarşıdurma başlayır. Əminəm ki, Ukrayna hərbçiləri, xüsusilə millətçilər hər kəsin başını kəsməyə hazırdır. Onlar Ukraynanı müstəqil, azad görmək istəyir. Məqsədləri budur ki, Ukraynada nəinki ruslar, belaruslar və polyaklar da olmasın. Və bu gün Ukraynanı parçalamaq istəyən hər kəsin başını kəsəcəklər. Dediklərim gerçəkləşir, bizə və ruslara üz tutacaqlar ki, Ukraynanı qoruyaq”, – deyə Lukaşenko yekunlaşdırıb.
Roman Göytürk,
KONKRET.az
