“28 il təmkinlə gözləmişiksə, bir müddət də səbir etməliyik” – DEPUTATbackend

“28 il təmkinlə gözləmişiksə, bir müddət də səbir etməliyik” - DEPUTAT

“90-cı illərin əvvəlində öz ata-baba  yurdlarından didərgin düşmüş soydaşlarımız bu illər ərzində gecəni də, gündüzü də geri qayıtmaq arzusu ilə yaşayıb”.

Bunu KONKRET.az-a açıqlamasında deputat Azər Badamov bildirib.

Deputat vurğulayıb ki, müzəffər ordumuzun 44 günlük  Vətən Müharibəsindəki qələbəsi bütün Azərbaycanı sevindirib: “Xalqımız qələbənin sevincini yaşayır. Amma təəssüf ki, kədərləndirici xəbərlər də eşidirik. Bu kədərləndirici xəbərlər içində intizar hissi yaşayan soydaşlarımızın səbirsizlik üzündən minaya düşərək həlak olması ilə bağlıdır. Biz unutmamalıyıq ki, düşmən torpaqlarımızın hər qarışını minalayıb.  İşğaldan azad olunan ərazilərimizə icazəsiz səfər edən insanlar hər addımında minaya düşmək ehtimalı ilə qarşılaşır.

Dövlət həmin ərazilərimizi minalaradan təmizləyir və bu istiqamətdə işlər sürətlə davam edir. Həmin ərazilərə səfər etmək şəxsi təhlükəsizlik baxımından qadağandır. Amma bəzi insanlar bu qadağalara məhəl qoymayaraq fərdi səfərlər edir və belə səfərlər acı sonluqla bitir. Məsələn, 29 noyabrda bir avtomobildə 4 nəfərin minaya düşərək həlak olması böyük faciədir. Biz 28 ildən artıq bir müddətdə bu ərazilərə getməmişik. İndi artıq həmin əraziləri qaytarmışıq. Əgər biz bu illər ərzində təmkinlə gözləmişiksə, indi də yenə səbr göstərməliyik.

İcazəsiz səfərlər etməməliyik. Yaxud icazə verilən, minalardan təmizlənmiş ərazilərə getmək olar. Biz gözləməliyik ki, torpaqlarımızda təhlükəsizlik təmin olunsun. Bu ərazilərimizi işğaldan azad etmək üçün kifayət qədər şəhid vermişik. Yenə heç nədən özümüzü ölümə atmamalıyıq. 28 il səbir edə bilmişiksə, bir müddət də səbir edə bilərik. Ona görə də işğaldan azad olunan ərazilərimizə səfər etmək istəyən hər kəsi icazəsiz səfərlərdən çəkinməyə çağırıram.  Hər bir vətəndaşımız bizim üçün dəyərlidir. Ona görə bir daha öz yurdlarından didərgin düşmüş insanlara bir az da səbirli olmaqlarını və icazəsiz o ərazilərə səfər etməməklərini xahiş edirəm”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*