Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən bir il ötür. Cəmi 23 saat 43 dəqiqə davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Bununla da separatçılar ağ bayraq qaldırmağa məcbur oldular.
KONKRET.az xəbər verir ki, lokal xarakterli antiterror tədbirləri son 100 illik tariximizdə xüsusi yer tutur:
“Həm demoqrafik, həm də hərbi strateji baxımdan bu hadisə çox mühümdür. Azərbaycan ərazisinə süni şəkildə köçürülən ermənilərə 100 il bundan öncə xüsusi status verildi. 1923-cü ildə ərazilərimizdə qondarma DQMV yaradıldı. Bu əslində Azərbaycan dövlətinin təməllərinə yerləşdirilmiş gec partlayan mina idi. Biz bu minanın zərərlərini həmişə gördük. Hətta SSRİ dövründə belə Azərbaycan mərkəzi hakimiyyətinə qarşı ermənilərin baş qaldırmasının şahidi olurduq.
1987-1991-ci illərdə baş verən siyasi proseslər nəticə etibarilə Ermənistanla müharibəyə səbəb oldu. Müharibəni tətikləyən faktor isə məhz bu qondarma qurum idi. Biz bu problemi həll etmək üçün 30 il sərf etdik. 10 noyabr 2020-ci ildə tarixi qələbə əldə etsək də, hələ də məsələnin kökü qalmaqda idi. Məhz buna görə Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri mühümdür. Bu, 100 illik problemin həlli deməkdir”.
Hərbi ekspert Ədalət Verdiyev isə deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda lokal xarakterli antiterror tədbirlərini həyata keçirmək üçün zərurəti Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar yaratdı:
“Azərbaycan ərazisindəki yüzlərlə döyüş mövqeyinin hazırlanması, 350-dən çox müxtəlif tipli artilleriya qurğusunun atəş mövqelərinə yerləşdirilməsi, 100 km-dən çox ərazinin mina tarlasına çevrilməsi, bölmələrimizin fəaliyyətini izləmək üçün 200-dən çox kameranın yerləşdirilməsi ondan xəbər verirdi ki, Ermənistan silahlı qüvvələrini ərazimizdən çıxarmaq niyyətində deyil. Bu da azmış kimi, separatçılar mütəmadi olaraq silah-sursatla təchiz edilirdi. Azərbaycan buna uzun müddət biganə qala bilməzdi.
Ermənistanın Azərbaycan ərazilərində basdırdığı minaların partlaması nəticəsində polis əməkdaşlarının həyatını itirməsi rəsmi Bakının səbir kasasını daşdıran son fəaliyyət oldu. Nəticədə cəmi bir gündən az davam edən əməliyyatlarda düşmənin minə yaxın qüvvəsi məhv edildi və ya sıradan çıxarıldı. 406 kvadrat kilometr ərazi təxminən 23 saata nəzarətimizə keçdi.
Bundan başqa, 65-dən çox artilleriya sistemi, zirehli kompleks, radioelektron mübarizə vasitələri və avtomobil sıradan çıxarıldı. Ümumilikdə 1731 ədəd döyüş texnikası və 19 minə yaxın atıcı silah qənimət olaraq ələ keçirildi.
Bu əməliyyat bir daha Ordumuzun yüksək peşəkarlığını göstərdi. Ordumuz əməliyyatlar zamanı beynəlxalq hüquqa riayət etdi. Bir nəfər də olsa mülki şəxs həyatını itirmədi”./Globalinfo.az