Aztəminatlı ailələrə hər 3 aydan bir pul verilsin – Yeni təklifbackend

Aztəminatlı ailələrə hər 3 aydan bir pul verilsin – Yeni təklif

Aztəminatlı ailələrə hər rüb birdəfəlik maliyyə yardımının verilməsi sosial siyasət baxımından mümkün mexanizm hesab olunur. Lakin belə ödənişlərin davamlı və səmərəli olması üçün yardımın təsadüfi formada deyil, əvvəlcədən müəyyənləşdirilmiş meyarlar və şəffaf qaydalar əsasında həyata keçirilməsi daha məqsədəuyğundur.

Əsas məqsəd ailələrin gəlir çatışmazlığını müəyyən qədər kompensasiya etmək və xüsusilə inflyasiyanın aztəminatlı əhali üzərində yaratdığı yükü azaltmaq olmalıdır.

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında səsləndirib.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli: “İdxalın bu qədər  artması xüsusən ciddi siqnaldır”

Ekspertin sözlərinə görə, yardımın ailə üzrə deyil, adambaşına hesablanması daha ədalətli yanaşma ola bilər. Çünki iki-üç nəfərlik ailə ilə beş-altı nəfərlik ailənin ehtiyacları eyni deyil.

“Bununla yanaşı, uşaqların, əmək qabiliyyəti olmayan şəxslərin və digər xüsusi sosial qrupların ehtiyacları nəzərə alınaraq diferensial məbləğ tətbiq etmək mümkündür. Məsələn, əsas məbləğ hər ailə üzvünə hesablanar, uşaqlar və xüsusi sosial kateqoriyalara aid şəxslər üçün əlavə əmsal müəyyənləşdirilər.

Əsas meyar ailənin faktiki gəliri olmalıdır. Bunun üçün əməkhaqqı, pensiya, müavinət, sahibkarlıq fəaliyyəti, əmlak və digər müntəzəm gəlirlər nəzərə alınmalıdır. Eyni zamanda ailənin kommunal, kirayə və digər əsas yaşayış xərclərinin də müəyyən həddə nəzərə alınması mümkündür. Beləliklə, yalnız nominal gəlirə deyil, ailənin real maddi vəziyyətinə qiymət verilər”.

A.Nəsirlinin sözlərinə görə, digər mühüm meyar ailənin adambaşına düşən gəlirinin müəyyən edilmiş ehtiyac meyarından və ya yaşayış minimumundan nə qədər aşağı olması ola bilər.

“Gəlir nə qədər aşağıdırsa, yardımın məbləğinin də müəyyən formula üzrə daha yüksək olması nəzərdən keçirilə bilər. Bu, həm büdcə vəsaitlərinin daha səmərəli bölüşdürülməsinə, həm də həqiqətən ehtiyacı olan ailələrin daha çox dəstəklənməsinə imkan verər.

Sistemdə ailənin əmlak vəziyyəti də nəzərə alınmalıdır. Əks halda rəsmi gəliri aşağı göstərilən, lakin əhəmiyyətli daşınmaz əmlakı və ya digər aktivləri olan şəxslərin də yardım alması riski yarana bilər.

Bunun qarşısını almaq üçün vergi, sosial müdafiə, daşınmaz əmlak, məşğulluq və digər dövlət informasiya sistemlərindəki məlumatların inteqrasiyası vacibdir.

Ən optimal model əvvəlcə aztəminatlı ailənin müəyyənləşdirilməsi, daha sonra isə yardımın ailə üzvlərinin sayına uyğun hesablanmasıdır. Lakin yardımın hər bir üzvə eyni məbləğdə verilməsi əvəzinə uşaqların sayı, ailədə işləməyən və əmək qabiliyyəti məhdud şəxslərin olub-olmaması kimi amillərə görə düzəlişlərin tətbiqi daha məqsədəuyğundur.

Bu zaman həm sosial ədalət, həm də dövlət büdcəsinin imkanları nəzərə alınmış olar”, – deyə ekspert bildirib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*