TƏBİB-in tabeliyində olan tibb müəssisələrində, xüsusilə poliklinikalarda vətəndaşların uzun növbələrdə gözləməsi, tibbi xidmətlərin təşkili və keyfiyyəti ilə bağlı narazılıqlar səhiyyə sistemində idarəetmə və resurs bölgüsü məsələlərini yenidən gündəmə gətirir. Vətəndaşların tibbi xidmətlərdən daha rahat və operativ yararlanması üçün elektron xidmətlərin genişləndirilməsi, növbələrin düzgün idarə olunması və tibb müəssisələri arasında səlahiyyət bölgüsünün dəqiq müəyyənləşdirilməsi vacibdir.
Bəs mövcud problemlərin əsas səbəbləri nələrdir və onların aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı TƏBİB-in fəaliyyətində müəyyən problemlərin müşahidə olunduğunu bildirib.

Onun sözlərinə görə, qurumun daxilində idarəetmə və səlahiyyət bölgüsü ilə bağlı qeyri-müəyyənliklər mövcuddur:
“TƏBİB-in daxilində müəyyən qeyri-müəyyənliklərin olduğunu düşünürəm. İnsanlar da bundan əziyyət çəkirlər. Hansı tibb müəssisəsinin kimə tabe olduğu, kadr məsələlərinə kimin nəzarət etdiyi kimi suallar aydın şəkildə müəyyənləşdirilməlidir”.
Səlahiyyət bölgüsü dəqiqləşdirilməlidir
Akif Nağı qeyd edib ki, baş həkimlə TƏBİB arasındakı münasibətlər və səlahiyyət bölgüsü daha konkret şəkildə müəyyən olunmalıdır. Onun fikrincə, rəhbər dəyişiklikləri və digər tədbirlər sistemli şəkildə həyata keçirilməli, idarəetmədə ardıcıllıq təmin edilməlidir.
Partiya sədri vətəndaşların icbari tibbi sığorta çərçivəsində xidmətlərdən istifadə zamanı müxtəlif problemlərlə üzləşdiyini də diqqətə çatdırıb.
“İnsanların sığorta ilə bağlı maraqları var. Onlar xəstəxanalara və poliklinikalara gedib müalicə almalı, lazım gəldikdə əməliyyat olunmalıdırlar. Lakin burada müxtəlif problemlər yaranır”.
“İnsanlar saatlarla gözləməməlidir”
Akif Nağının sözlərinə görə, uzun növbələrin qarşısının alınması üçün rəqəmsal imkanlardan daha geniş istifadə edilməlidir. O, özəl tibb müəssisələrində tətbiq olunan əvvəlcədən qeydiyyat və saatla qəbul sisteminin nümunə kimi nəzərdən keçirilə biləcəyini bildirib.
“İnsanlar onlayn müraciət etməli, qəbul vaxtlarını əvvəlcədən bilməlidirlər. Belə olduqda növbələr yaranmaz və vətəndaşlar saatlarla gözləməzlər. Resursların kim tərəfindən və necə bölüşdürülməsi, bu prosesə kimin nəzarət etməsi də aydınlaşdırılmalıdır. Dünyada rəqəmsallaşma gedir və biz də bu imkanlardan istifadə etməliyik”, – deyə o vurğulayıb.
“TƏBİB tam oturuşmuş vəziyyətdə deyil”
Akif Nağının fikrincə, TƏBİB-in fəaliyyətinin tam sistemli şəkildə oturuşduğunu söyləmək hələ tezdir.
“Hesab edirəm ki, TƏBİB tam oturuşmuş vəziyyətdə deyil, sistem tam formalaşmayıb. Buna görə də insanlar arasında narazılıqlar yaranır və bu məsələlərə diqqət yetirilməlidir”.
Partiya sədri həmçinin Səhiyyə Nazirliyi ilə TƏBİB arasında, eləcə də TƏBİB ilə tibb müəssisələrinin rəhbərləri arasındakı münasibətlərin daha aydın şəkildə tənzimlənməsinin vacibliyini qeyd edib.
Vətəndaş məmnunluğu necə ölçülməlidir?
Onun sözlərinə görə, vətəndaş məmnunluğunun ölçülməsi üçün mütəmadi onlayn sorğuların keçirilməsi də faydalı ola bilər.
“İnsanlardan onlayn şəkildə soruşmaq olar ki, nədən narazısınız. Bu rəylər əsasında qarşılıqlı tənzimləmə və problemlərin aradan qaldırılması istiqamətində iş aparılmalıdır. İnsanların fikirləri mütləq nəzərə alınmalıdır”.
Akif Nağı hesab edir ki, idarəetmədə səlahiyyət bölgüsünün dəqiqləşdirilməsi, elektron növbə sisteminin geniş tətbiqi, resursların düzgün bölüşdürülməsi və vətəndaş məmnunluğunun mütəmadi ölçülməsi tibb müəssisələrində xidmətlərin təşkilinə müsbət təsir göstərə bilər.
Aynurə İsmayıl
KONKRET.az
