Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukraynaya qarşıdakı qışda “bütün tarixindəki ən güclü dəstəyi” göstərəcəklərini vəd edib.
KONKRET.az xəbər verir ki, “Avropa İttifaqında vəziyyət” mövzusunda Avropa Parlamentinə illik müraciəti zamanı çıxış edən fon der Lyayen bildirib ki, “Partnyorlarımızla birlikdə humanitar yardım göstərəcək, Ukraynanın elektrik enerjisi və istilik təchizatını gücləndirəcəyik. Bundan əlavə, Ukraynanın hava hücumundan müdafiəsini də möhkəmləndirəcəyik”.
Fon der Lyayenin sözlərinə görə, ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemləri təcili şəkildə Kiyevə çatdırılmalıdır. Lakin o, eyni zamanda vahid təchizatçıdan asılılığı birgə azaltmağın vacib olduğunu vurğulayıb. Bunun üçün Ukrayna ilə birlikdə əlçatan, modul tipli raketdən müdafiə sistemi hazırlanması təklif olunur. Bu sistemin əsas elementlərindən biri Ukraynanın “Freyja” layihəsi olacaq. Avropa Komissiyasının rəhbəri, həmçinin Avropa Təhlükəsizlik Şurasının yaradılması planlarını açıqlayıb. Bu çərçivədə Aİ ölkələrinin liderləri Kanada, Norveç, Ukrayna və Böyük Britaniya kimi tərəfdaş dövlətlərin rəhbərləri ilə görüşlər keçirəcəklər.
Rəsmiyyə Şərifova,
KONKRET.az