Haaqa Xüsusi Tribunalı Kosovonun keçmiş prezidenti Haşim Taçini hərbi cinayətlərə görə 25 il müddətinə azadlıqdan məhrum edib.
KONKRET.az xəbər verir ki, Tribunal Taçini 96 siyasi qətldə, həmçinin işgəncə, təqib və günahsız insanların qanunsuz olaraq həbsdə saxlanılmasında məsuliyyətli bilib. 58 yaşlı Taçi hökmün elanını emosiyasız qarşılayıb. Məlumata görə, o, daha əvvəl özünü “tamamilə günahsız” hesab etdiyini bildirmişdi. Prokurorluq Taçi üçün 45 il həbs cəzası tələb edib. Müdafiə tərəfi isə onun bəraət almasını istəyib.
Üç il davam edən məhkəmə prosesi çərçivəsində 300-ə yaxın şahid ifadə verib, 155 zərərçəkmiş şəxs məhkəmə araşdırmasında iştirak edib. İttihama görə, Taçi və daha üç təqsirləndirilən şəxs insanlıq əleyhinə cinayətlər törətməkdə ittiham olunan Kosovo Azadlıq Ordusunun rəhbərliyində təmsil olunublar.
Taçi 2008–2020-ci illər ərzində Kosovonun baş naziri, xarici işlər naziri və prezidenti vəzifələrində çalışıb. Beynəlxalq prokurorlar ona qarşı ittihamlar irəli sürdükdən sonra istefa verib. Kosovoda müharibə nəticəsində 13 mindən çox insan həlak olub. Onların bir çoxu hələ də itkin düşmüş hesab olunur.
Ağagül Mürsəlov,
KONKRET.az
