İstanbulda 65 yaşdan yuxarı və 20 yaşdan aşağı hər kəsin ictimai nəqliyyatdan istifadəsi qadağan edilib. Qərar 15 yanvar tarixindən etibarən qüvvəyə minəcək. Məlumatı İstanbul şəhər bələdiyyəsi yayıb. Azərbaycanda da bu qadağanın tətbiq ediləcəyi gözlənilirmi?
KONKRET.az-ın bununla bağlı sualını cavablandıran deputat Jalə Əliyeva bildirib ki, pandemiya ilə bağlı vəziyyət gərginləşdikcə, yoluxmaların sayı artdıqca, məhdudlaşdırıcı tədbirlər görülür: “Lakin gündəlik statistikada müsbət dinamika davamlı olduqda isə Operativ Qərargah tərəfindən karantin rejimində yumşalmalara gedilir. Görünən odur ki, yenidən kritik vəziyyət yaranarsa, əhalinin sağlamlığını qorumaq və ümümi əmin-amanlıq üçün dövlət yenidən məhdudlaşdırıcı tədbirlərə gedə bilər. Artq Türkiyədə 65 yaşdan yuxarı və 20 yaşdan aşağı hər kəsin ictimai nəqliyyatdan istifadəsi qadağan edilib. Məlumdur ki, bu xəstəliyə əvvəlki mərhələlərdə 60-65 yaşdan yuxarı insanlar daha tez yoluxurdu.
Bu gün isə verilən məlumata görə yeni mərhələdə gənc orqanizmlərin, hətta uşaqların da yoluxduğunu görürük. Əgər insanları qorumaq istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının belə bir qərarı olarsa, Azərbaycanda da belə bir addımların atılması qaçılmaz olacaq. Ümid edək ki, vətəndaşlarımız sayıqlığını əldən verməyəcək və qoyulan qaydalara əməl edəcək ki, əlaqədar qurumlar növbəti sərtləşdirmələrə getməsin. Arzumuz odur ki, bu bəladan tezliklə qurtula bilək”.
Nərgiz Mirzəyeva,
KONKRET.az
