Helikopterlə həbsxanadan qaçış: Həyat yoldaşı ərini türmədən necə qaçırdı?backend

Helikopterlə həbsxanadan qaçış: Həyat yoldaşı ərini türmədən necə qaçırdı?

1986-cı ildə Fransada baş verən hadisə kriminal tarixinin ən qeyri-adi həbsxanadan qaçışlarından biri kimi yadda qaldı. Silahlı soyğunçuluğa görə 18 il müddətinə azadlıqdan məhrum edilmiş 34 yaşlı Mişel Vojur (Michel Vaujour) növbəti dəfə həbsxanadan qaçmağa qərar verdi. Bu, onun ilk qaçış cəhdi deyildi. O, bundan əvvəl dörd dəfə həbsxanadan qaçmağa müvəffəq olmuşdu. Lakin bu dəfəki planı əvvəlkilərdən həm daha cəsarətli, həm də daha qeyri-adi idi.

Mişelin qaçışına həyat yoldaşı Nadin kömək etməli idi. O, ərini həbsxanadan çıxarmaq üçün hətta helikopter idarə etməyi öyrənmiş, bu məqsədlə üç ay təlim keçmişdi.

Plan əvvəlcədən və xırdalıqlarına qədər hazırlanmışdı. Nadin qaçışın gününü və saatını ərinə gizli şəkildə çatdırmalı idi. Bunun üçün həbsxanaya göndərilən şirniyyatdan istifadə etmiş, qeydi nəzarətçilərin diqqətini çəkmədən Mişelə ötürmüşdü.

O, qaçış zamanı gözətçiləri qorxutmaq üçün oyuncaq tapança almış, bir neçə nektarini isə yaşıl rəngə boyayaraq qumbaraya bənzətmişdi. Məqsəd saxta silah və “qumbara”larla mühafizəçiləri hədələyib onların diqqətini yayındırmaq, Mişelin isə helikopterə minməsinə şərait yaratmaq idi.

Təyin olunmuş vaxtda Nadin helikopterlə həbsxananın üzərinə gəldi. Mişelin həbsxananın damına çıxmasına ona həbsxanadakı dostu kömək etdi. Həmin məhbusun da qaçışda iştirak etməsi nəzərdə tutulmuşdu. Lakin əməliyyat zamanı o, tutuldu və helikopterə minə bilmədi.

Ən diqqətçəkən məqam isə bütün bu hadisələrin bircə güllə belə atılmadan baş verməsi idi. Nadin ərini helikopterə mindirərək həbsxanadan uzaqlaşdı. Daha sonra Paris Universitetinin ərazisinə enən helikopterin yanında onları sürücüsü ilə birlikdə avtomobil gözləyirdi. Mişel və Nadin həmin avtomobillə şəhəri tərk etdilər.

Lakin azadlıq uzun sürmədi. Ər-arvad bir neçə ay sonra yenidən yaxalandılar. Mişel Vojur bank soyğunu zamanı tutuldu. Həmin hadisə zamanı başından güllə yarası aldı, amma sağ qaldı. Yaralanmanın nəticələri o qədər ağır idi ki, o, yenidən danışmağı öyrənməli oldu.

2003-cü ildə, ümumilikdə 27 il həbsdə qaldıqdan sonra Mişel Vojur azadlığa çıxdı. O, yaşadığı hadisələr və həbsxanadan qaçışları barədə kitab yazdı. Onun qeyri-adi həyat hekayəsi sənədli filmin də mövzusuna çevrildi.

Həyat yoldaşı Nadin də öz xatirələrini kitab şəklində nəşr etdirdi. Həmin kitab əsasında isə “Havanın qızı” adlı bədii film çəkildi.

Beləliklə, 1986-cı ildə Parisdə baş verən bu hadisə bir daha göstərdi ki, bəzən həbsxana divarlarını aşmaq üçün təkcə cəsarət deyil, qeyri-adi plan və fədakarlıq da kifayət edir.

Hazırladı: Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*