İran Böyük Britaniya ilə münasibətlərdə gərginliyi daha da artıran qərar qəbul edib. Tehran Britaniyanın iki əsas hərbi strukturunu terror təşkilatları siyahısına daxil edib, ölkənin xarici kəşfiyyat xidmətini isə düşmən qrup elan edib.
KONKRET.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi noyabrın 1-də bəyanat yayıb.
Bəyanata əsasən, Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələri (Royal Navy) və Kral Hərbi Hava Qüvvələri (Royal Air Force) terror təşkilatları kimi tanınıb.
Bununla yanaşı, Britaniyanın xarici kəşfiyyat xidməti MI6 düşmən qruplar sırasına daxil edilib. Qurumla bağlı İranın casusluq və milli təhlükəsizliyə qarşı fəaliyyətə görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanunun müddəalarının tətbiq ediləcəyi bildirilib.
İran XİN bu qərarı Londonun son bir ildə həyata keçirdiyi siyasətə cavab olaraq qəbul etdiyini açıqlayıb. Tehran xüsusilə Böyük Britaniyanın ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarında öz ərazisindəki hərbi bazalardan və logistika imkanlarından istifadəyə şərait yaratmasını əsas gətirib.
Bundan başqa, İran Britaniyanın ABŞ-ın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımaq qərarına da cavab verdiyini bildirib.
İran tərəfi vurğulayıb ki, tədbirlər Ali Milli Təhlükəsizlik Şurasının qərarı əsasında və qarşılıqlılıq prinsipi çərçivəsində qəbul edilib.
Tehran yaranacaq nəticələrə görə məsuliyyətin Böyük Britaniya hökumətinin üzərinə düşdüyünü bəyan edib.
