Ukrayna ordusu Rusiyanın neft sənayesinə növbəti zərbəni endirib. Nijeqorod vilayətində yerləşən və ölkənin ən böyük neft emalı müəssisələrindən biri hesab olunan zavod dron hücumuna məruz qalıb.
KONKRET.az xəbər verir ki, noyabrın 1-nə keçən gecə Rusiyanın Kstovo şəhərindəki “Lukoyl-Nijeqorodnefteorqsintez” neft emalı zavodu hədəfə alınıb.
Məlumata görə, hücumdan sonra zavodun ərazisində güclü partlayışlar baş verib və yanğın qeydə alınıb. Hadisənin görüntüləri Ukraynanın Teleqram kanallarında yayılıb.
Qeyd edək ki, NORSI adı ilə tanınan zavod Rusiyanın dördüncü ən böyük neft emalı müəssisəsi, ikinci ən böyük benzin istehsalçısıdır. Müəssisənin illik neft emalı gücü təxminən 15–17 milyon ton təşkil edir.
Zavodda benzin, dizel yanacağı, aviasiya yanacağı və digər neft məhsulları istehsal olunur. Müəssisə daha əvvəl də Ukraynanın dron hücumlarına məruz qalıb.
