Bolqarıstanda prezident və vitse-prezident vəzifələri uğrunda mübarizənin həlledici mərhələsi başlayıb. Ölkədə prezident seçkilərinin ikinci turu keçirilir.
KONKRET.az xəbər verir ki, səsvermə noyabrın 1-də yerli vaxtla saat 07:00-da başlayıb. Seçki məntəqələri saat 20:00-dək fəaliyyət göstərəcək. Ölkə üzrə 12 mindən çox seçki məntəqəsi açılıb.
İkinci turda hazırkı müvəqqəti prezident İliyana Yotova və keçmiş müvəqqəti baş nazir Andrey Qurov mübarizə aparırlar. Yotova prezidentliyə Kiril Valçev, Qurov isə Georgi Kandev ilə birlikdə namizəddir.
Oktyabrın 25-də keçirilən birinci turun yekun nəticələrinə əsasən, İliyana Yotova və Kiril Valçevdən ibarət namizəd cütlüyü 528 951, Andrey Qurov və Georgi Kandev isə 486 232 səs toplayıb.
Seçkilərdə iştirak səviyyəsi də diqqət çəkib. Birinci turda səsvermə hüququ olan 6,58 milyon nəfərdən cəmi 1,52 milyonu iştirak edib. “Associated Press” bunu ölkə tarixində rekord dərəcədə aşağı seçici fəallığı kimi qiymətləndirib.
İlk qeyri-rəsmi nəticələrin seçki məntəqələri bağlandıqdan sonra, saat 20:00-da açıqlanacağı gözlənilir. Rəsmi nəticələrin isə bazar ertəsi elan olunacağı bildirilir.
Günay Əli
KONKRET.az
