Siyasi analitik, “Most” vətəndaş təşəbbüsünün həmtəsisçisi, “Sputnik-Armeniya” radiosunda yayımlanan “Abovyan TIME” podkastının müəllifi və aparıcısı Arman Abovyan Ermənistanın Baş naziri Nikol Paşinyanı yenidən “seçmə amneziyada” ittiham edib.
KONKRET.az xəbər verir ki, Abovyanın sözlərinə görə, Paşinyanın yaddaşı çox maraqlı işləyir: bir yerdə xatırlayır, başqa yerdə isə “unutmağı” üstün tutur.
Onun sözlərinə görə, Paşinyan son brifinqində Belarus Prezidenti Aleksandr Lukaşenkonun Qaqik Tsarukyanın dostu olduğunu deyib və “Çiçəklənən Ermənistan” Partiyasının parlamentə keçmək üçün lazım olan səsi toplamaması üçün əlindən gələni edəcəyini bildirib.
Abovyan qeyd edib ki, Paşinyanın bu “əlçatmaz arzularına” gülmək olardı, amma əvvəlcə onun yaddaşını təzələmək lazımdır:
“Tsarukyan və Lukaşenkonun bəyanatları barədə danışmazdan əvvəl Paşinyana xatırladaq ki, məhz o, Qarabağı Ermənistanın boynundakı xalta hesab edirdi”.
Abovyan bildirib ki, Qarabağ ermənilərinin könüllü şəkildə köçünü “Ermənistanın həqiqi müstəqilliyinin başlanğıcı” adlandıranlar Tsarukyan yox, Paşinyanın silahdaşları idi.
Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kitabı ilə xoşbəxt təbəssümlə şəkil çəkdirən də Tsarukyan yox, Paşinyan olub.
Abovyan daha sonra qeyd edib ki, Azərbaycan rəsmiləri ilə ünsiyyət quran da Tsarukyan yox, Paşinyandır.
O iddia edib ki, Ermənistanın müstəqilliyi və suverenliyi hesabına türklərin və azərbaycanlıların bütün istəklərini yerinə yetirən də Paşinyandır.
Abovyanın sözlərinə görə, Qarabağ ermənilərini “qaçanlar” adlandıran, ölkəni Türkiyə və Azərbaycanın tam tabeçiliyinə aparan, eləcə də “Bakının əmri ilə” Ermənistan Konstitusiyasını dəyişməyə hazırlaşan da məhz Paşinyandır.
“Bu siyahını hələ uzun müddət davam etdirə bilərəm, amma etməyəcəyəm. İnsanlar hər şeyi görür və hər şeyi bilir. Paşinyanın öz günahlarını başqalarının üstünə atması alınmayacaq”, – deyə Abovyan bildirib.
O əlavə edib ki, iyunun 7-də keçiriləcək seçkilərdə Ermənistan vətəndaşları səsvermə yolu ilə Paşinyana bütün “günahlarını” xatırladacaqlar.
“Şübhəniz olmasın”, – deyə Arman Abovyan vurğulayıb.
Görünür, Ermənistan seçkiləri yaxınlaşdıqca Paşinyanın yaddaşı daha da “seçici” işləməyə başlayıb: lazım olanı xatırlayır, narahat edən mövzular isə birdən-birə siyasi arxivdən yoxa çıxır.
Natiq Səlim,
KONKRET.az
