Bir otaq qızıl, iki otaq gümüş: Atauvalpanın faciəli taleyibackend

Bir otaq qızıl, iki otaq gümüş: Atauvalpanın faciəli taleyi

1532-ci il noyabrın 16-da Perunun Kaxamarka şəhərində baş verən hadisə o qədər inanılmaz idi ki, əgər çoxsaylı şahidlərin salnamələrində qeydə alınmasaydı, onu tarixi fakt kimi qəbul etmək çətin olardı. Fransisko Pisarronun başçılıq etdiyi cəmi 168 nəfərlik ispan konkistador dəstəsi yarım saat ərzində minlərlə insandan ibarət yürüşü darmadağın etdi və qüdrətli İnka imperiyasının hökmdarı Atauvalpanı əsir götürdü.

Bu hadisənin qəhrəmanı olan Fransisko Pisarronun həyat hekayəsi macəra romanını xatırladır. O, yoxsul ispan piyada kapitanı ilə kəndli qadının nikahdankənar oğlu idi. Gəncliyində Estremadura bölgəsində donuz otarmış, ömrünün sonunadək nə oxumağı, nə də yazmağı öyrənmişdi. Hətta Perunun qüdrətli hakiminə çevrildikdən sonra da sənədlərə imza atmaq əvəzinə iki şaquli xətt çəkirdi. Katibi isə həmin xətlərin arasına onun adını yazırdı.

1502-ci ildə Yeni Dünyaya yola düşən Pisarro çoxsaylı təhlükəli ekspedisiyalarda iştirak etdi. Vasko Nunyes de Balboanın Sakit okeana məşhur yürüşündə də onunla birlikdə oldu. Əlli yaşına yaxın isə yeni salınmış Panama şəhərində möhkəmlənərək özünə kifayət qədər imkanlı və nüfuzlu mövqe qazandı. İri torpaq sahəsi, işçiləri və mal-qarası vardı, ticarətlə məşğul olurdu. Hətta şəhərin meri və hakimi vəzifəsini — alkaldelik də tutmuşdu.

Belə görünürdü ki, keçmiş donuzotaran nəhayət, həyatını təmin edib və bundan sonra rahat yaşaya bilər. Lakin cənubda, uzaq Biru (Peru) torpaqlarında ağlasığmaz qızıl sərvətləri ilə dolu bir ölkənin mövcudluğu barədə hindulardan və dənizçilərdən eşitdiyi əhvalatlar onun bütün planlarını dəyişdi. Pisarro yenidən riskə getməyə qərar verdi və illərlə topladığı sərvəti bu macəraya yatırdı.

O, sadiq dostu və döyüş yoldaşı Dieqo de Almaqro, eləcə də ekspedisiyanın gəmilərini və təchizatını maliyyələşdirən nüfuzlu Panama keşişi Ernando de Luke ilə birləşdi. Üçlük gələcək fəthlərin nəticələrini öz aralarında bölüşdürmək barədə razılığa gəldi. Tarixə “qan və evxaristiya müqaviləsi” kimi düşən bu razılaşma onların böyük yürüşünün başlanğıcı oldu.

İlk iki ekspedisiya aclıq, qızdırma, xəstəlik və ağır itkilərlə nəticələndi. Qallo adasında taqətdən düşən əsgərlər üsyan qaldıraraq Panamaya qayıtmaq istədilər. Pisarro isə geri çəkilmək niyyətində deyildi. Qılıncını çəkərək qumun üzərində şərqdən qərbə doğru bir xətt çəkdi və tarixə düşən sözlərini söylədi:

“Orada Peru və sərvət, burada Panama və yoxsulluq. Hər kastiliyalı ürəyincə olanı seçsin. Mən cənuba gedirəm!”.

Əsgərlərdən cəmi 13 nəfər xətti keçərək onunla qalmağa razı oldu. Beləcə, Amerikanın ən böyük sivilizasiyalarından birinin süqutuna aparan yol bir ovuc insanın inadından başladı.

1532-ci ildə Pisarro 168 nəfərlik dəstə ilə And dağlarına doğru irəlilədi. Onların 62-si atlı idi. Dəstənin bir neçə topu və arkebuzası da vardı. İspanların bəxtindən, İnka imperiyası həmin vaxt ciddi siyasi böhran keçirirdi. Taxt-tac uğrunda baş vermiş vətəndaş müharibəsi ölkəni zəiflətmişdi. Bu müharibədə Atauvalpa ögey qardaşı Uaskarı məğlub edərək hakimiyyəti ələ keçirmişdi.

İnka hökmdarının ixtiyarında on minlərlə döyüşçü vardı. Buna baxmayaraq, o, dəmir zirehli, saqqallı yadellilərə ciddi təhlükə kimi baxmırdı. 1532-ci il noyabrın 16-da Atauvalpa təntənəli mərasimlə Kaxamarkanın əsas meydanına gəldi. O, qızıldan bəzədilmiş taxt-tacda oturmuş, ətrafında isə minlərlə silahsız saray əyanı və rəqqas toplaşmışdı. Hökmdar əmin idi ki, bu azsaylı gəlmələri öz qüdrəti ilə ram edə biləcək.

Lakin meydanda onu başqa bir sınaq gözləyirdi. Dominikan rahibi Visente de Valverde əlində Müqəddəs Kitab tutaraq hökmdarın qarşısına çıxdı. O, Atauvalpadan xristianlığı qəbul etməyi və İspaniya kralının hakimiyyətini tanımağı tələb etdi.

Yazı bilməyən Atauvalpa kitabı vərəqlədi, lakin oradan gözlədiyi “Allahın sözü”nü eşitmədiyini bildirdi və qəzəblə onu yerə atdı.

Bu hərəkət ispanlar üçün hücum siqnalına çevrildi.

Meydanı əhatə edən daş tikililərin arxasından toplar atəş açdı, arkebuzalar guruldadı, zirehli ispan süvariləri hücuma keçdi. İnkalar isə indiyədək nə at görmüş, nə də odlu silahlarla qarşılaşmışdılar. Başlayan çaxnaşma kütləvi qırğına çevrildi. Minlərlə insan həlak oldu, Atauvalpa isə əsir götürüldü.

Pisarro özü də bu toqquşmada əlindən yaralandı. Rəvayətə görə, o, imperatoru əsir götürmək istəyərkən öz əsgərinin zərbəsindən qorumağa çalışmışdı. Beləliklə, ispanlar arasında yaralanan yeganə şəxs məhz onların komandanı oldu.

Qızılla dolu otaq

Əsir düşən Atauvalpa tezliklə ispanları hərəkətə gətirən əsas istəyin nə olduğunu anladı: qızıl.

O, azadlığa buraxılması müqabilində inanılmaz bir təklif irəli sürdü. Hökmdar təxminən yeddi metr uzunluğunda, beş metr enində və iki metr yarım hündürlüyündə olan bir otağı əlini qaldıra biləcəyi səviyyəyədək qızılla dolduracağını vəd etdi. İki qonşu otağı isə gümüşlə doldurmağı öhdəsinə götürdü.

Bu, tarixə düşən ən böyük fidyə sövdələşmələrindən biri idi.

Bir neçə ay ərzində imperiyanın müxtəlif bölgələrindən Kaxamarkaya saysız-hesabsız qızıl və gümüş məmulatları gətirildi. Bunların arasında qızıl heykəllər, mərasim qabları, məbədlərin və sarayların bəzək əşyaları, İnka sənətkarlarının yaratdığı nadir sənət nümunələri vardı.

Lakin ispanlar bu əsərlərin tarixi və bədii dəyərini düşünmürdülər. Onlar üçün əsas məsələ qiymətli metal idi. İncəsənət nümunələrinin böyük hissəsi əridilərək külçələrə çevrildi.

Atauvalpanın vəd etdiyi sərvətin ümumi miqdarı təxminən 6 ton qızıl və 12 ton gümüş təşkil edirdi. Bu nəhəng qənimət konkistadorların hər birinə böyük sərvət qazandırdı.

Ancaq qızıl toplandıqdan və bölüşdürüldükdən sonra Pisarro verdiyi vədə əməl etmədi. İnka ordusunun hücuma hazırlaşdığı barədə yayılan şayiələr və öz kapitanlarının təzyiqi qarşısında əsir hökmdarın taleyini həll etmək qərarına gəldi.

Atauvalpa üzərində tələsik məhkəmə quruldu. 1533-cü ilin iyulunda onun edamına qərar verildi. Tonqalda yandırılmaqdan xilas olmaq üçün ölümündən əvvəl xristianlığı qəbul edən Atauvalpa qarrota — boğazı sıxaraq öldürmə üsulu ilə edam edildi.

Beləliklə, nəhəng fidyəni ödəyən İnka hökmdarı azadlığına qovuşa bilmədi.

Qızılın gətirdiyi faciə

1537-ci ildə İspaniya kralı I Karl savadsız konkistadora markiz titulu verdi. Pisarro isə Perunun gələcək paytaxtı olan Lima şəhərinin əsasını qoydu. Lakin İnka sərvətləri ona nə rahatlıq, nə də əmin-amanlıq gətirdi.

Əksinə, qızıl konkistadorların öz aralarında qanlı düşmənçiliyin başlanmasına səbəb oldu. Onlar qənimətin bölüşdürülməsi üstündə bir-birinə qarşı silah qaldırdılar.

Bir vaxtlar ən yaxın dostu və tərəfdaşı olmuş Dieqo de Almaqro ilə Pisarro arasında münasibətlər düşmənçiliyə çevrildi. Nəticədə Pisarro onun edam edilməsinə göstəriş verdi.

Lakin Almaqronun tərəfdarları bu hadisəni unutmadılar. 1541-ci ilin iyununda onlar Limadakı Pisarro sarayına hücum etdilər. Artıq yetmiş yaşına yaxınlaşan markiz sonadək müqavimət göstərdi. Rəvayətə görə, hücum edənlərdən üçünü qılıncla öldürsə də, özü boğazından aldığı ölümcül zərbədən yerə yıxıldı.

Deyilənə görə, can verərkən barmağını öz qanına batırıb döşəmədə xaç çəkdi və onu öpdü.

Beləcə, bir vaxtlar 168 nəfərlə nəhəng İnka imperiyasını diz çökdürən Fransisko Pisarro öz sarayında, keçmiş silahdaşlarının qisası nəticəsində öldürüldü. Onun fəth etdiyi qızıl imperiyası isə nə ona, nə də ətrafındakılara əbədi hakimiyyət vəd edə bildi.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*