Gənclər müharibədə ölür, qocalar yoxsulluq içində yaşayır: Putin Rusiyasının acı mənzərəsibackend

Gənclər müharibədə ölür, qocalar yoxsulluq içində yaşayır: Putin Rusiyasının acı mənzərəsi

Kimin dediyini xatırlamıram: “Mən qocalardan qorxuram. Onlar artıq həyatlarını yaşayıblar. Ölümlərindən sonra nə baş verəcəyi isə onları maraqlandırmır”. Bu fikirdə acı da olsa, müəyyən həqiqət var. Xüsusilə də sovet düşüncə tərzi ilə formalaşmış yaşlı nəsil haqqında danışarkən…

Putin qocaların prezidentidir. O, qoca kimi düşünür, ətrafına da özü kimi yaşlı, keçmişin düşüncə tərzindən qopa bilməyən insanları toplayır. Tərəqqi onda qıcıq yaradır, gənclərin ölümü isə sanki hakimiyyətinin davamı naminə ödənilən məqbul bədəldir. Qocalara xas xəsislik, simiclik və şübhəçilik onun davranışında özünü göstərir. Heç kimə etibar etmir, ictimaiyyət qarşısına çıxmaqdan, öz ətrafındakı insanlardan, hətta ölümdən belə qorxur. Bütün bunlara baxmayaraq, son dərəcə fəaldır. Ən qorxulu tərəfi də elə budur.

Qocaların prezidentinin qocalardan ibarət ölkəni idarə etməsi o qədər də çətin deyil. Müharibə uzandıqca ölkədə gənclərin sayı azalır, cəmiyyətin demoqrafik və sosial mənzərəsi dəyişir. Yoxsulluq və davamlı məhrumiyyətlər içində yaşayan yaşlı insanların isə bir hissəsi hadisələri təhlil etmək, baş verənlər arasında məntiqi əlaqə qurmaq imkanını getdikcə itirir. Onların reaksiyaları ləngiyir, dünyagörüşləri daralır, müasir dünyanın reallıqlarından uzaqlaşırlar.

Rusiyada bir çox yaşlı insanın pensiyası o qədər azdır ki, onların normal həyatından, şəxsi inkişafından danışmaq belə çətinləşir. Yoxsulluq insanı təkcə maddi baxımdan deyil, mənəvi və intellektual cəhətdən də tükəndirə bilər. Onlara həyatlarını bu vəziyyətə salanların kim olduğunu izah etmək mümkündür. Ancaq əsas sualı cavablandırmaq heç də həmişə asan olmur: Rusiya kimi nəhəng təbii sərvətlərə və iqtisadi potensiala malik ölkədə insanlar niyə hüquqsuzluq, alçalma və yoxsulluq içində yaşamağa məhkum edilirlər?

Paradoks ondadır ki, bu insanların bir qismi məhz özlərini belə həyata məhkum edən hakimiyyəti müdafiə edir. Müharibəyə dəstək verir, Putinə sədaqət nümayiş etdirir, onların bugünkü acınacaqlı vəziyyətinə görə məsuliyyət daşıyan siyasi sistemi alqışlayırlar.

Bunun səbəblərindən biri də illərlə davam edən ümidsizlik və məhrumiyyətlərdir. Belə bir mühitdə insanın düşüncə tərzi formalaşır, dünyaya münasibəti dəyişir. Bir növ Stokholm sindromunu xatırladan psixoloji bağlılıq yaranır: insan onu sıxışdıran, hüquqlarını məhdudlaşdıran sistemə qarşı çıxmaq əvəzinə, ona sığınmağa başlayır.

Əksəriyyəti ləyaqətli həyatın nə demək olduğunu heç vaxt bilməyib. Gənclik illərində də gecə-gündüz işləyib, özünə vaxt ayıra bilməyib, həyatdan zövq almağı bacarmayıb. İndi onlardan zövqün, rahatlığın, xoşbəxtliyin nə olduğunu soruşsanız, saatlarla danışa bilərlər. Həm də elə təfərrüatlarla ki, insan heyrətə gəlir. Halbuki bizim üçün adi görünən, gündəlik həyatın bir parçası sayılan bəzi imkanlar onların təsəvvüründə əlçatmaz bir lüksdür.

Bütün bunların fonunda acı bir həqiqət ortaya çıxır: Putin Rusiyasının yaşlı insanları üçün ölüm bəzən qorxulu görünməyə də bilər. Çünki həyatlarının böyük hissəsini yoxsulluq, məhrumiyyət və ümidsizlik içində keçirən insanların itirməkdən qorxduğu çox az şey qalır. Putin isə öz ölümündən vahiməyə düşür, hakimiyyətini və şəxsi təhlükəsizliyini qorumaq üçün hər şeyə hazır görünür.

Məhz buna görə də Putinin hakimiyyətinə qarşıyam. Həm də çox ciddi şəkildə qarşıyam. Çünki söhbət təkcə bir siyasətçidən, onun ambisiyalarından və ya apardığı müharibədən getmir. Söhbət bütöv bir ölkənin gələcəyini keçmişin qorxuları, köhnəlmiş düşüncəsi və hakimiyyət hərisliyi naminə qurban verməkdən gedir.

Bunu daha yumşaq ifadə etmək də olardı. Amma, yumşaq desək, bu, hələ çox yumşaq olardı…

Müəllif: Yanute Laiminqa
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*