1953-cü il aprelin 25-də Yuqoslaviya prezidenti İosip Broz Tito Kosta-Rikanın yeni diplomatik nümayəndəsini qəbul edirdi. Qarşısında Teodoro Kastro adlı zərif, özünəinamlı bir kişi dayanmışdı. İlk baxışdan bu görüş adi diplomatik protokol çərçivəsində keçirilən tədbirlərdən biri təsiri bağışlayırdı. Lakin latınamerikalı diplomatın zahiri görkəminin arxasında tamamilə başqa bir şəxsiyyət gizlənirdi. Teodoro Kastro əslində sovet kəşfiyyatçısı İosif Romualdoviç Qriquleviç idi. Onun diplomatik karyerası isə sovet xüsusi xidmət orqanlarının ən qeyri-adi əməliyyatlarından birinin tərkib hissəsi idi.
Maraqlıdır ki, bundan cəmi bir neçə il əvvəl Moskva həmin şəxsdən Titonu öldürmək üçün istifadə etməyi planlaşdırırdı.
1948-ci ildə Yuqoslaviya ilə Sovet İttifaqı arasında münasibətlər kəskin pisləşdikdən sonra İosif Stalin Yuqoslaviya liderini təhlükəli siyasi rəqib hesab etməyə başladı. Sovet xüsusi xidmət orqanları Titonun aradan götürülməsi üçün bir neçə sui-qəsd planı hazırlamışdı.
Variantlardan biri şəxsi görüş zamanı taun törədicilərini yaya bilən xüsusi qurğudan istifadəni nəzərdə tuturdu. Bu plana əsasən, Qriquleviç əvvəlcədən antidot almalı, görüşdə iştirak edən digər şəxslər isə ölümcül infeksiyaya yoluxmalı idilər. Zəhərli qazdan və səssiz silahlardan istifadə variantları da nəzərdən keçirilirdi.
Lakin 1953-cü il martın 5-də Stalinin ölümü siyasi vəziyyəti dəyişdi. Nəticədə sui-qəsd planı dayandırıldı. Qriquleviçin qarşısında artıq başqa vəzifə dayanırdı: o, Titonu öldürmək əvəzinə diplomatik fəaliyyətini davam etdirməli idi.
Kəşfiyyatçının formalaşması
İosif Qriquleviç 1913-cü il mayın 5-də Vilnada (indiki Vilnüs, Litva) anadan olub. Həmin dövrdə şəhər Rusiya imperiyasının tərkibində idi. O, karaim ailəsində dünyaya gəlmişdi. Gənclik illərindən siyasətlə maraqlanır, kommunist ideyalarına rəğbət bəsləyirdi. 1930-cu ildə kommunist hərəkatına qoşulan Qriquleviç tezliklə siyasi fəaliyyətinə görə Polşa hakimiyyətinin təqibləri ilə üzləşdi.
1930-cu illərin birinci yarısında Latın Amerikasına, o cümlədən Argentinaya səfər etdi. 1936-cı ildə İspaniyada vətəndaş müharibəsi başlayanda isə bu ölkəyə yollandı və respublikaçıları dəstəklədi.
Məhz İspaniyada onun bacarıqları sovet xüsusi xidmət orqanlarının diqqətini çəkdi. Qriquleviç bir neçə dil bilirdi, güclü təşkilatçılıq qabiliyyətinə malik idi və müxtəlif sosial təbəqələrdən olan insanlarla asanlıqla əlaqə qurmağı bacarırdı.
Tezliklə o, Kominternlə sıx əməkdaşlıq edən sovet xarici kəşfiyyatının əməkdaşına çevrildi. Avropa və Latın Amerikasında gizli əməliyyatlarda iştirak etməyə başladı.
Onun karyerasının ən məşhur və qaranlıq səhifələrindən biri 1940-cı ildə Meksikada Lev Trotskinin aradan götürülməsi ilə bağlı əməliyyat idi. Stalin özünün əsas siyasi rəqiblərindən birini məhv etmək istəyirdi və Qriquleviç də bu istiqamətdə fəaliyyət göstərən sovet kəşfiyyatçıları arasında idi.
Teodoro Kastro maskası
Qriquleviçin əsas üstünlüyü təkcə kəşfiyyat bacarığı deyil, həm də şəxsiyyətini və həyat tarixçəsini tamamilə dəyişmək qabiliyyəti idi. O, bir neçə Avropa dilində sərbəst danışır, müxtəlif xalqların mədəniyyətinə bələd olur və inandırıcı saxta bioqrafiya yarada bilirdi.
Müharibədən sonrakı illərdə Kosta-Rika vətəndaşına aid sənədlər əldə etdi və Teodoro Kastro adından istifadə etməyə başladı. Diqqətlə hazırlanmış saxta kimlik, qurduğu tanışlıqlar və Kosta-Rika sahibkarları ilə əlaqələri sayəsində diplomatik dairələrə daxil olmağı bacardı.
1950-ci illərdə Kosta-Rikanı İtaliyada, Müqəddəs Taxt-Tac yanında və Yuqoslaviyada təmsil etdi. Beləliklə, sovet kəşfiyyatçısı qeyri-leqal agentlər üçün əldə edilməsi son dərəcə çətin olan diplomatik əlaqələrə, yüksək səviyyəli siyasi dairələrə və mühüm məlumat mənbələrinə çıxış qazandı.
Casusdan alimə
1953-cü ildə Sovet İttifaqına qayıtdıqdan sonra Qriquleviç kəşfiyyat fəaliyyətini dayandırdı və həyatının yeni mərhələsinə qədəm qoydu. Bu dəfə o, Latın Amerikası tarixi, Katolik kilsəsi və beynəlxalq siyasi hərəkatların tədqiqi ilə məşğul olmağa başladı.
İ. Lavretski təxəllüsü ilə kitablar yazdı, tanınmış inqilabçıların bioqrafiyalarını nəşr etdirdi və elmi dairələrdə özünə nüfuz qazandı. 1979-cu ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçildi.
İosif Qriquleviç 1988-ci il iyunun 2-də Moskvada, 75 yaşında vəfat etdi.
Onun həyat yolu, demək olar ki, casus romanının süjetini xatırladır: siyasi fəal, gizli əməliyyatların iştirakçısı, xarici dövlətin diplomatı və nəhayət, tanınmış sovet alimi.
Lakin bu hekayənin ən heyrətamiz tərəfi başqa məqamdır. Bir vaxtlar Stalinin İosip Broz Titoya qarşı ən təhlükəli planlarından birində iştirak etməsi nəzərdə tutulan kəşfiyyatçı sonradan tamamilə yeni həyat qurmağı bacardı. Ömrünün sonuna qədər geniş ictimaiyyət onu daha çox tarixçi və alim kimi tanıdı.
Hazırladı: Natiq Səlim,
KONKRET.az

