1993-cü ilin son günlərində Meqreliyanın kiçik Dzveli Xibula kəndində, son həftələrini sığındığı özgə evində Zviad Qamsaxurdia həyatını itirdi.
Cəmi iki il yarım əvvəl gürcülərin təxminən hər on nəfərindən doqquzunun səsini qazanmış bu şəxs dağ kəndində, qaçaq vəziyyətində öldü. Onun ölümünün necə baş verdiyi isə Gürcüstan üçün bu günədək açıq qalan suallardan biridir.
Zviad Qamsaxurdia Gürcüstanın ən çox hörmət edilən yazıçılarından biri, “Böyük ustadın sağ əli” romanının müəllifi Konstantine Qamsaxurdianın oğlu idi. O, fəaliyyətə filoloq, ingilis və Amerika ədəbiyyatının bilicisi kimi başlamışdı.
Sovet hakimiyyəti illərində tanınmış dissidentə çevrilən Qamsaxurdia həbsxana həyatı yaşadı, sürgünə göndərildi. 1991-ci ilin mayında isə müstəqil Gürcüstanın ilk prezidenti seçildi. Lakin onun hakimiyyəti bir il belə davam etmədi.
Həmin ilin dekabrında Tbilisinin mərkəzində sonradan “Tbilisi müharibəsi” adlandırılan silahlı toqquşmalar başladı. 1992-ci ilin yanvarında Zviad Qamsaxurdia ölkəni tərk etməyə məcbur oldu. Əvvəlcə Ermənistana, oradan isə Çeçenistana — Coxar Dudayevin yanına getdi.
1993-cü ilin payızında hakimiyyəti geri qaytarmaq ümidi ilə doğma Meqreliyaya qayıtdı. Əvvəlcə tərəfdarlarının hərbi əməliyyatları uğurla nəticələnirdi: onlar Poti limanını ələ keçirdilər, Tbilisiyə gedən dəmir yolu xəttini kəsdilər və Kutaisiyə qədər irəlilədilər.
Lakin Gürcüstanın MDB-yə qoşulması, hökumət qüvvələrinin Rusiyanın hərbi dəstəyini alması ilə vəziyyət dəyişdi. Noyabrın ortalarına doğru üsyan faktiki olaraq məğlubiyyətə uğradı. Qamsaxurdia isə həyatının son həftələrini dağlarda, gizləndiyi evlərdə keçirməli oldu.
Xibulada baş verən gecə
Həmin gecə Meqreliyanın Dzveli Xibula kəndində Karlo Qurtskayanın evində nələrin baş verdiyi barədə məlumatlar bir neçə şəxsin ifadələrinə əsaslanır. Lakin bu ifadələr bir-biri ilə tam uyğun gəlmir.
Qamsaxurdianın mühafizə xidmətinin rəhbəri Robinzon Marqvelani illər sonra parlament komissiyasına verdiyi ifadədə bildirmişdi ki, hadisə baş verən zaman qonşu otaqda olub. Atəş səsini eşidərək ilk o, içəri daxil olub. Onun sözlərinə görə, prezident otaqda tək olub, başından güllə yarası alıb və əlində silah olub.
Marqvelani hesab edirdi ki, son aylarda üzləşdiyi yoxsulluq, təqiblər və səhhətindəki ciddi problemlər Qamsaxurdianı intihara sövq etmiş ola bilər.
Ev sahibi Karlo Qurtskaya isə hadisəni başqa cür xatırlayırdı. O, otağa daxil olanda Qamsaxurdianın hələ sağ olduğunu və onun qucağında can verdiyini bildirirdi. Qurtskayanın sözlərinə görə, nə prezidentin əlində, nə də onun yanında silah görmüşdü.
Devrilmiş prezidentin yerinə hakimiyyətə gələn Eduard Şevardnadzenin rəhbərlik etdiyi hökumət Qamsaxurdianın intihar etdiyini elan etdi.
Hadisədən sonrakı ilk günlərdə onun həyat yoldaşı Manana Arçvadze-Qamsaxurdia da ərinin özünü güllələdiyini söyləyirdi. Lakin sonralar mövqeyini dəyişərək Qamsaxurdianın yeni hakimiyyətin sifarişi ilə öldürüldüyünü iddia etməyə başladı. Ailə bu günədək həmin versiyanı müdafiə edir.
Ölümün ətrafında dolaşan versiyalar
Otuz ildən artıq vaxt keçməsinə baxmayaraq, Qamsaxurdianın ölümü ilə bağlı müəmmalar aradan qalxmayıb. Bu müddətdə müxtəlif versiyalar ortaya çıxıb.
Bəziləri onun Gürcüstanın xüsusi xidmət orqanları tərəfindən aradan götürüldüyünü düşünür. Digərləri Rusiya hərbçilərinin əli olduğunu iddia edir. Daha bir versiyaya görə, Qamsaxurdia öz yaxın çevrəsinin xəyanətinin qurbanı olub.
Keçmiş mühafizəçilərdən biri isə prezidentin əslində başqa yerdə öldürüldüyünü, cəsədinin sonradan Xibulaya gətirildiyini iddia etmişdi. Lakin həmin şəxs hadisə baş verən günlərdə Qroznıda olduğundan, onun söylədikləri birbaşa şahid ifadəsi deyil, başqalarından eşitdiklərinə əsaslanırdı.
Bu ehtimalların heç biri indiyədək qəti sübutlarla təsdiqlənməyib.
2011-ci ildə Qamsaxurdianın böyük oğlu Konstantinin rəhbərlik etdiyi parlament komissiyası araşdırmanın nəticələrini açıqladı. Komissiya intihar versiyasını istisna etdiyini bildirdi. Məruzədə qeyd olunurdu ki, hadisə yerində nə silah, nə güllə, nə də giliz aşkar edilib. Otaqda qan izlərinin olmaması da şübhəli məqam kimi göstərilirdi.
Ancaq komissiya Qamsaxurdianın qətlə yetirildiyini sübut edən konkret dəlillər və bu cinayətdə iştirak etmiş şəxslərin adlarını ortaya qoya bilmədi.
2015-ci ildə Gürcüstan prokurorluğu faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açdı. 2018-ci ildə isə istintaqın davam etdirilməsi üçün müddət uzadıldı. Buna baxmayaraq, əsas sual — Zviad Qamsaxurdianı kim və hansı şəraitdə öldürüb? — hələ də cavabsızdır.
Vətənə qayıdanadək keçilən uzun yol
Qamsaxurdia ölümündən sonra da rahatlıq tapmadı.
Əvvəlcə onun cəsədi gizli şəkildə Meqreliyanın Cixaşkari kəndində dəfn edildi. 1994-cü ilin fevralında həyat yoldaşının təkidi ilə nəşi Qroznıya aparıldı. Çeçenistanın lideri Coxar Dudayev onun üçün şəhərin mərkəzi meydanının yaxınlığında dövlət səviyyəsində dəfn mərasimi təşkil etdi.
Lakin elə həmin il Çeçenistanda müharibə başladı. Təhlükəsizlik səbəbindən Qamsaxurdianın qalıqları gizli şəkildə başqa məzara köçürüldü. Yeni məzarın yerini yalnız ailə üzvləri və Dudayevin mühafizə xidmətinin rəhbəri bilirdi.
Bu arada Gürcüstanda Qamsaxurdianın siyasi irsinə münasibət də dəyişməyə başlayırdı. Bir vaxtlar onun hakimiyyətini “əyalət faşizmi” adlandıran Eduard Şevardnadze 1998-ci ildə gözlənilmədən sələfinin xidmətlərindən danışmağa başladı və onun nəşinin Gürcüstana qaytarılmasını təklif etdi.
Manana Arçvadze-Qamsaxurdia isə buna sərt cavab verdi. O bildirdi ki, əri Gürcüstana yalnız Şevardnadze istefa verdikdən sonra qayıdacaq.
Nəhayət, “Qızılgül inqilabı”ndan sonra hakimiyyətə gələn Mixeil Saakaşvili Gürcüstanın ilk prezidentinə bəraət qazandırılması istiqamətində addımlar atdı və onun nəşinin vətənə qaytarılacağına söz verdi.
Qroznıda naməlum məzarda saxlanılan qalıqlar yalnız 2007-ci ilin martında tapıldı. Qamsaxurdianın kiçik oğlu Totne atasını boyun xaçı, saatı, ayaqqabısı və Gürcüstandan gətirilmiş torpaq vasitəsilə tanıdı. Rostov-na-Donuda aparılan ekspertiza da qalıqların məhz Zviad Qamsaxurdianaya aid olduğunu təsdiqlədi.
Mtaçminda panteonunda son mənzil
Ailə Qamsaxurdianı Tbilisidəki Müqəddəs Üçlük kafedral kilsəsinin həyətində dəfn etmək istəyirdi. Lakin kilsə və hakimiyyət bu təklifə razılıq vermədi. Səbəb ölkənin yaşadığı faciələrə görə Qamsaxurdianı məsul tutanların, eləcə də Cənubi Osetiyadakı müharibəyə görə onu ittiham edən osetinlərin narazılığına səbəb olmaq istəməmələri idi.
Nəticədə tabut əvvəlcə Mtsxetadakı Svetitsxoveli məbədinə aparıldı. 2007-ci il aprelin 1-də isə minlərlə insanın müşayiəti ilə Rustaveli prospektindən keçirilərək Mtaçminda dağına — Gürcüstanın ən görkəmli şəxsiyyətlərinin dəfn olunduğu panteona qaldırıldı.
Qamsaxurdianın son mənzilə yola salınmasında təxminən 15 min nəfər iştirak edirdi. Dəfn mərasiminin əvvəlcə onun 68 yaşının tamam olacağı martın 31-də keçirilməsi planlaşdırılmışdı. Lakin oğlu mərasimin tarixini dəyişərək aprelin 1-nə təyin etdi.
2017-ci ildə rejissor Georgi Ovaşvili Qamsaxurdianın həyatının son günlərindən bəhs edən “Xibula” filmini çəkdi. Filmdə nə onun adı çəkilir, nə də ölümünün səbəbi açıqlanır.
Bəlkə də bu tarixçəni başqa cür danışmaq mümkün deyil. Çünki üstündən otuz ildən çox vaxt keçsə də, Gürcüstanın ilk prezidentinin ölümü ətrafındakı sirr hələ də açılmayıb. İntihar, yoxsa qətl? Bu suala indiyədək qəti cavab yoxdur. Hər kəs isə mövcud faktlara, ifadələrə və öz qənaətinə əsaslanaraq hansı versiyaya inanacağına özü qərar verir.
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az

