Yadplanetlilər, iblislər və 51-ci Zona: Ağ Evdə qeyri-adi araşdırma başlayırbackend

Yadplanetlilər, iblislər və 51-ci Zona: Ağ Evdə qeyri-adi araşdırma başlayır

ABŞ-da növbəti genişmiqyaslı araşdırma ərəfəsindədir. Bu dəfə söhbət korrupsiyadan, Çin casuslarından və ya seçkilərə müdaxilədən getmir.

Prezident Donald Tramp və onun müavini Ceyms Devid Vens Amerika səmasında ən müasir ABŞ qırıcılarının belə çata bilmədiyi sürətlə hərəkət edən naməlum obyektlərin nə olduğunu aydınlaşdırmaq qərarına gəliblər.

Ölkə rəhbərlərinin ehtimalları isə fərqlidir. Tramp kometalardan şübhələnir, Vens isə iblislərin fəaliyyətini istisna etmir. Yadplanetlilər də şübhəlilər sırasında qalır. Hələlik onlardan heç biri ifadə vermək üçün çağırılmayıb.

Hər şey oktyabrın 29-da başlayıb. Vitse-prezident Vens Texas ştatının Fort-Uert şəhərində seçicilərlə görüşü zamanı “Fox News” telekanalına açıqlamasında dövlət sirrinə çıxış imkanlarından istifadə edərək naməlum uçan obyektlər (NUO) haqqında həqiqəti öyrənəcəyini bildirib.

Görüş iştirakçılarından biri, Dallas sakini Kristofer Spayks amerikalılara əsl yadplanetlilərin nə vaxt göstəriləcəyini soruşub.

Vens isə özünü itirməyib və onlardan birinin artıq tapıldığını zarafatla bildirib. Onun sözlərinə görə, həmin yadplanetli təxminən 50 il əvvəl Yerə gəlib, Texasda məskunlaşıb və hazırda Ceyms Talariko adı ilə ABŞ Senatına namizədliyini irəli sürüb.

Talariko Demokratlar Partiyasını təmsil etdiyindən respublikaçı auditoriya bu zarafatı məmnuniyyətlə qarşılayıb. İndi isə belə çıxır ki, Texasda ekstraterrestrialın seçkilərdə qalib gəlmək ehtimalı var. Yaxşı ki, demokratdır!

Lakin mitinq zamanı söhbət tezliklə daha ciddi məcraya keçib.

“Mən möhkəm xristianam və inanıram ki, hər şeyi yalnız fizika qanunları ilə izah etmək mümkün deyil. Yaxşı ruhların olduğuna inanıram, onları mələklər adlandırmaq olar. Məncə, pis ruhlar da mövcuddur”, – deyə vitse-prezident bildirib.

Onun sözlərinə görə, NUO-larla bağlı dövlət materiallarını artıq öyrənməyə başlayıb və bu məqsədlə müəyyən resurslar da ayırıb.

“Sadəcə, bilmirəm”, – deyə Vens sirli obyektlərin mənşəyi barədə danışarkən etiraf edib.

Amma görünür, bu məlumatsızlıq uzun çəkməyəcək. Axı vitse-prezidentin əlində kifayət qədər ciddi imkan var: “Top Secret”, yəni “Tam məxfi” qrifi daşıyan sənədlərə çıxış hüququ. Beləliklə, onilliklər boyu Amerika xüsusi xidmət orqanlarının qoruduğu dövlət sirləri müasir dövrün ən mühüm suallarından birinə cavab verə bilər: İblislər həqiqətən də səsdən sürətli aviasiyaya üstünlük verirlərmi?

Vens məxfi sənədlərə çıxış imkanlarından istifadə edərək həqiqətin izinə düşəcəyinə söz verib. Bununla belə, xəbərdarlıq edib ki, araşdırmanın nəticəsi həm çox yaxşı, həm də çox pis ola bilər.

Yaxşı nəticə dedikdə mələklərin mövcudluğunun təsdiqlənməsini, yoxsa iblislərin olmadığının üzə çıxmasını nəzərdə tutduğunu isə vitse-prezident dəqiqləşdirməyib.

Yadplanetlilər, yoxsa iblislər?

Vensin qeyri-adi hadisələrə marağı heç də bu gün yaranmayıb. Hələ 2026-cı ilin martında bloger Benni Consona verdiyi müsahibədə o, naməlum uçan obyektlərlə bağlı kifayət qədər orijinal təsnifat irəli sürmüşdü.

“Məncə, bunlar yadplanetlilər deyil. Məncə, bunlar iblislərdir”, – deyə o bildirmişdi.

Vitse-prezidentin fikrincə, bəşəriyyət əsrlər boyu dini mətnlərdə yaxşı və pis ruhların fəaliyyəti kimi təsvir olunan hadisələrlə qarşılaşıb. Buna görə də yadplanetlilər haqqında müasir rəvayətlər əslində qədimdən tanış olan qüvvələrin yeni formada izahı ola bilər.

“Şeytanın ən böyük hiylələrindən biri insanları onun mövcud olmadığına inandırmaqdır”, – deyə Vens xatırladıb.

Belə çıxır ki, vitse-prezidentin mülahizələrinə inansaq, Şeytan bəşəriyyəti öz mövcud olmadığına inandırmaqla kifayətlənməyib, fəaliyyətini həm də yerdənkənar sivilizasiyaların texnoloji nailiyyətləri kimi təqdim etməyi bacarıb.

İyul ayında məşhur podkast aparıcısı Co Roqana verdiyi müsahibədə Vens bu mövzuya yenidən qayıdıb. O, texnoloji baxımdan bəşəriyyəti milyonlarla il qabaqlayan varlıqların insanlara fövqəltəbii görünə biləcəyini söyləyib.

Burada maraqlı fəlsəfi sual ortaya çıxır: Əgər mələk ulduzlararası nəqliyyat vasitəsindən istifadə edirsə, o, yenə də mələk olaraq qalır, yoxsa onu pilot hesab etmək lazımdır? Bəs belə bir uçuş aparatı ABŞ Federal Aviasiya Administrasiyasından icazə almalıdırmı?

Bununla belə, Vens özü də etiraf edir ki, hələlik əlində heç bir sübut yoxdur. Məhz buna görə məxfi materialları araşdırmaq niyyətindədir.

Vitse-prezident həmçinin bildirib ki, dəfələrlə Nevadadakı məşhur 51-ci Zonaya getməyi planlaşdırıb. Çoxsaylı sui-qəsd nəzəriyyələrinə görə, Amerika hərbçiləri onilliklərdir burada yadplanetli gəmilərin qalıqlarını, hətta bəlkə də yadplanetlilərin özlərini gizlədirlər.

Lakin dövlət işləri səbəbindən bu səfəri təxirə salmalı olub. İqtisadiyyat, milli təhlükəsizlik, beynəlxalq danışıqlar – bütün bunlar, əlbəttə, vacib məsələlərdir. Amma nə vaxtsa iblislərə də vaxt ayırmaq lazımdır.

Trampın kometa versiyası

Vens NUO-larla bağlı kitabları mütaliə etdiyi vaxt onun birbaşa rəhbəri də sirli hadisələrin araşdırılmasına qoşulub.

Noyabrın 8-də Donald Tramp CBS News telekanalının “60 Minutes” proqramına müsahibəsində bildirib ki, şəxsən qeyri-adi uçuş xüsusiyyətlərinə malik naməlum obyektləri müşahidə etmiş Amerika hərbi pilotları ilə görüşüb.

Prezidentin sözlərinə görə, söhbət teleskopla səmanı izləyən elmi fantastika həvəskarlarından və ya ufoloji forumların fəallarından getmir. Bunlar ABŞ Hərbi Hava Qüvvələrinin peşəkar pilotlarıdır.

“Mən birinci prezidentlik müddətimdə də, ikinci müddətimdə də Oval kabinetdə Hərbi Hava Qüvvələrinin pilotları ilə dəfələrlə görüşmüşəm. Bunlar çox yaxşı, etibarlı insanlardır. Onları sui-qəsd nəzəriyyələrinin tərəfdarları adlandırmaq olmaz”, – deyə Tramp bildirib.

Daha sonra prezident hərbçilərdən eşitdiklərini danışıb:

“Bunlar əla pilotlardır, əsl peşəkarlardır. Onlar mənə çox qəribə hadisələrdən danışırdılar. Bəzi hallarda deyirdilər ki, orada həqiqətən də nəsə baş verir. Onlar təsəvvür edilə biləcək ən yaxşı təyyarələrdən biri olan F-22 ilə uçurlar, yanlarından isə öz sürətlərindən üç dəfə yüksək sürətlə hansısa obyekt ötüb keçir. Üstəlik, həmin obyekt yumru formadadır. Aerodinamik quruluşa malik deyil, sadəcə yumrudur”.

Problemin miqyasını anlamaq üçün xatırladaq ki, Amerikanın F-22 Raptor qırıcısı dünyanın ən müasir döyüş təyyarələrindən biridir və saatda 2400 kilometrdən artıq sürət yığa bilir.

Əgər naməlum obyekt həqiqətən də bu təyyarədən üç dəfə sürətlə hərəkət edibsə, söhbət saatda 7000 kilometrdən artıq sürətdən gedə bilər. Bununla belə, Tramp pilotların müşahidə zamanı hansı sürətlə uçduqlarını dəqiqləşdirməyib. Buna görə də onun söylədiklərinə əsaslanaraq naməlum obyektin real sürətini hesablamaq mümkün deyil.

Amma əsas məsələ təkcə sürət deyil. Prezidentin təsvirinə görə, sirli obyekt yumru formada olub və görünür, aerodinamika qanunlarını o qədər də nəzərə almayıb.

Elə bu məqamda Vensin iblislərlə bağlı nəzəriyyəsini xatırlamaq yerinə düşür. Görünür, onlar ümumiyyətlə fizika qanunlarına tabe olmaq məcburiyyətində deyillər.

Tramp isə daha dünyəvi bir izah irəli sürüb:

“Yaxşı, ola bilsin ki, bu, kometa olub”, – deyə ABŞ prezidenti ehtimal edib.

Bu versiya, əlbəttə, diqqətəlayiqdir. Hərçənd Yer atmosferində F-22 qırıcısının yanından ötüb keçən kometa özü-özlüyündə elmi sensasiya olardı. Pilot üçün isə belə qarşılaşmanın heç də xoşagəlməz nəticələri ola bilərdi.

Tramp özü də etiraf edib ki, pilotların danışdıqlarına baxmayaraq, ümumilikdə NUO-lara o qədər də inanmır.

Jurnalist Ross Dautetin sualı da onun skeptik mövqeyini dəyişməyib. Söhbət onilliklər ərzində Amerika xüsusi xidmət orqanlarının ölkə prezidentlərindən gizli şəkildə yadplanetli texnologiyalarını araşdıran xüsusi dövlət proqramının mövcud ola bilməsindən gedirdi.

“Xeyr. Mən bununla bağlı heç bir sübut görməmişəm və belə bir şey haqqında heç nə eşitməmişəm. Amma əgər belə proqram varsa, müsahibəmizdən dərhal sonra bu barədə məlumat alacağam”, – deyə Tramp söz verib.

Beləliklə, olduqca qeyri-adi vəziyyət yaranıb. Vitse-prezident NUO-ların iblis olub-olmadığını müəyyənləşdirmək üçün məxfi sənədləri araşdırmaq niyyətindədir. Prezident isə xüsusi xidmət orqanlarının ondan yadplanetliləri öyrənən bütöv bir proqramı gizlədib-gizlətmədiyini yoxlamağa söz verir.

Və hər ikisi eyni zamanda etiraf edir ki, əslində, hələlik heç nə bilmirlər.

Pentaqonun araşdırmaları nə göstərir?

Ən maraqlısı isə budur ki, bütün bu hadisələr ABŞ-da tamamilə rəsmi dövlət fəaliyyəti fonunda baş verir.

Fevral ayında Tramp naməlum anomal hadisələr və mümkün yerdənkənar həyatla bağlı sənədlərin məxfiliyinin ləğv edilməsi istiqamətində iş aparılmasını tapşırıb. Pentaqon isə hərbçilərin ifadələrini, müşahidə məlumatlarını və sirli obyektlərin video görüntülərini əhatə edən materialları dərc etməyə başlayıb.

Son illərdə Amerika hakimiyyəti müşahidə olunan hadisələrin bir hissəsinin qənaətbəxş izahının tapılmadığını həqiqətən də etiraf edib. Lakin naməlum obyektin mövcudluğu onun mütləq kosmik gəmi olması demək deyil. Eyni zamanda, hadisənin izahının tapılmaması da yadplanetlilərin mövcudluğuna sübut sayıla bilməz.

Anomal hadisələrin araşdırılması ilə məşğul olan Pentaqonun xüsusi qurumu – AARO daha əvvəl bəyan edib ki, araşdırılmış obyektlərin yerdənkənar mənşəyini təsdiqləyən və ya yadplanetli texnologiyaların bərpası ilə bağlı gizli dövlət proqramlarının mövcudluğunu sübut edən yoxlanıla bilən faktlar aşkarlanmayıb.

Rəsmi hesabatlarda isə mələklərin, iblislərin və digər o dünya nümayəndələrinin adına hələlik rast gəlinmir.

Bununla belə, indi araşdırmaya ABŞ-ın eyni vaxtda iki ən yüksək vəzifəli şəxsi maraq göstərdiyindən bu mövzuda yeni perspektivlər açılır.

İndi nəticələri gözləmək qalır. Ola bilsin, Pentaqon nəhayət yerdənkənar sivilizasiyaların sirrini açacaq. Bəlkə də Vens o dünya qüvvələrinin fəaliyyətinə dair sübutlar tapacaq. Yaxud məlum olacaq ki, Amerika hərbçiləri onilliklər ərzində sadəcə atmosfer hadisələrini, texniki nasazlıqları və tamamilə Yer mənşəli uçuş aparatlarını müşahidə ediblər.

Əsas odur ki, əsl yadplanetlilər aşkar ediləcəyi təqdirdə Tramp administrasiyası əvvəlcə onların hansı planetdən gəldiyini dəqiqləşdirsin. Çünki əks halda deportasiya və planetlərarası divarın tikintisi məsələsini həll etmək lazım gələcək.

Müəllif: Aleksandr Timoşenko
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*