ABŞ ordusu Hind-Sakit okean regionundakı çevikliyini və cavabvermə sürətini artırmaq məqsədilə Avstraliyanın cənub-şərq sahillərində dəniz piyadaları korpusu (Marine Corps) üçün daimi və döyüşə hazır silah anbarı yaratmağı planlaşdırır. Yeni hərbi infrastrukturun coğrafi mövqeyi Çin raketlərinin böyük hissəsinin çata bilməyəcəyi təhlükəsiz zonada seçilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin tender sənədlərində və rəsmi mənbələrin “Agence France-Presse” (AFP) agentliyinə verdiyi hesabatlarda qeyd olunub.
Layihə çərçivəsində Avstraliyanın Viktoriya ştatının kənd yerində (Bandiana hərbi bazası yaxınlığında) ABŞ hərbi silahlarının yerləşdirilməsi üçün anbar və ofis binalarının tikintisinə təxminən 30 milyon dollar investisiya ayrılıb. Bu addım ABŞ dəniz piyadalarının Avstraliya torpaqlarında quruda yaradılan ilk daimi logistik silah bazası olacaq. Sənədlərə görə, hərbi təchizatlar ilk növbədə Melburnda saxlanılacaq, növbəti illərdə isə tikintisi tamamlanacaq yeni strateji anbarlara köçürülərək 2028-ci ilə qədər tam gücü ilə fəaliyyətə başlayacaq.
Analitiklər vurğulayırlar ki, rəsmi Vaşinqton Çinin regiondakı sürətli hərbi aktivliyinə qarşı durmaq üçün Avstraliyanın strateji coğrafi mövqeyindən bir plasdarm kimi istifadə etmək niyyətindədir. Avstraliya qanunvericiliyinə görə ölkə ərazisində xarici hərbi bazaların qurulması qadağan olsa da, bu anbarlar iki ölkə arasındakı təhlükəsizlik ittifaqı çərçivəsində, Avstraliya müdafiə qüvvələrinin obyektlərində rotasiya əsasında yerləşdiriləcək.
Natiq Səlim,
KONKRET.az
