Payız-qış aylarında bazarlarda satılan pomidor və digər tərəvəzlərin təhlükəsizliyi yenidən müzakirə mövzusuna çevrilib. Mövsümdənkənar yetişdirilən məhsulların istehsalı zamanı istixanalarda kimyəvi gübrələrdən, pestisidlərdən və digər aqrokimyəvi vasitələrdən istifadə edilməsi istehlakçılarda narahatlıq yaradır.
Bəs belə məhsullar insan sağlamlığı üçün nə dərəcədə təhlükəlidir? İstixanada yetişdirilən pomidorlar açıq sahədə becərilən məhsullardan daha zərərlidirmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib ki, tərəvəzlərin təhlükəsizliyini yalnız onların hansı mövsümdə və hansı şəraitdə yetişdirilməsi ilə əlaqələndirmək düzgün deyil. Onun sözlərinə görə, əsas məsələ becərilmə prosesində aqrotexniki qaydalara əməl olunması və kimyəvi vasitələrdən düzgün istifadə edilməsidir.

“Bəzi hallarda istixana şəraitində yetişdirilən pomidor və digər tərəvəzlər açıq sahədə becərilən məhsullardan daha təhlükəsiz ola bilər. Çünki istixanalarda fermerlərin məhsulun yetişdirilməsinə nəzarət imkanları daha genişdir.
Mövsümündə yetişdirilən pomidorların da hər zaman təbii və təhlükəsiz olduğunu düşünmək doğru deyil. Belə ki, açıq sahələrdə becərilən bəzi pomidorlar yetişməmiş halda yığılır, daha sonra isə süni yetişdirici vasitələrdən istifadə edilməklə satışa çıxarılır. Bu baxımdan, yayda yetişdirilən məhsullar da kimyəvi qalıqların mövcudluğu baxımından risk daşıyır.
Tərəvəzlərin tərkibində pestisidlərin, nitratların və digər aqrokimyəvi maddələrin normadan artıq qalması insan sağlamlığı üçün ciddi fəsadlar yarada bilər.
Bu cür məhsulların müntəzəm istehlakı allergik reaksiyalara, bağırsaq pozğunluqlarına və kimyəvi maddələrlə zəhərlənməyə səbəb olur”.
Ekspert əsas problemlərdən birinin təsərrüfatlarda aqrokimyəvi vasitələrlə işləmək üçün kifayət qədər ixtisaslı mütəxəssislərin cəlb olunmaması olduğunu vurğulayıb. Onun fikrincə, bəzi təsərrüfat sahibləri xərcləri azaltmaq məqsədilə bitkiçilik və aqronomluq sahəsində biliyi olmayan işçilərdən istifadə edirlər. Belə şəxslərə gübrə və kimyəvi məhlulların verilməsi, onların isə bu vasitələri müvafiq bilik və təcrübə olmadan tətbiq etməsi məhsulun təhlükəsizliyini sual altına qoyur.
İ.Şirinov bildirib ki, aqrokimyəvi vasitələrdən düzgün istifadə edilməməsi həm yayda, həm də payız-qış aylarında yetişdirilən tərəvəzlərin keyfiyyətinə mənfi təsir göstərir. Bu səbəbdən təhlükəsizlik məsələsini yalnız istixana məhsulları ilə məhdudlaşdırmaq olmaz.
Ekspert şəxsi təsərrüfatlarda, bostanlarda yetişdirilən məhsulların vəziyyətinin isə fərqli ola biləcəyini qeyd edib. Onun sözlərinə görə, bu cür təsərrüfatlarda insanlar məhsulu özləri becərdikləri üçün istifadə olunan vasitələrə daha çox nəzarət edə bilirlər.
Beləliklə, pomidorun yayda və ya qışda yetişdirilməsi onun təhlükəsizliyini müəyyən edən əsas meyar deyil. Əsas şərt istehsal prosesində aqrotexniki qaydalara əməl olunması, gübrə və pestisidlərin düzgün dozada tətbiqi, məhsulda zərərli maddələrin qalıq miqdarının normanı aşmamasıdır.
Aynurə İsmayıl
KONKRET.az
