ABŞ-ın Ukraynaya ayırdığı yardım proqramı Rusiyaya ciddi çətinlik yaradacaq – AÇIQLAMAbackend

ABŞ-ın Ukraynaya ayırdığı yardım proqramı Rusiyaya ciddi çətinlik yaradacaqAÇIQLAMA 

Rusiya iki aydan çoxdur ki, Ukraynada işğalçı müharibə aparır. Təəssüf ki, Ukraynanın bu müharibəni davam etməyə və yadelli işğalçıları ölkəsindən qovmaq üçün kifayət qədər maddi və hərbi resursları yoxdur. Bu mənada Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin yardıma ehtiyacı olduğunu dəfələrlə dilə gətirib.

Bu günlərdə ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya təxminən 40 milyard dollar məbləğində əlavə yardımın ayrılması haqqında qanun layihəsini təsdiqləyib. Paket Nümayəndələr Palatası tərəfindən təsdiq edildikdən sonra imza üçün Co Baydenə göndəriləcək. Sənəd Kiyevə hərbi, iqtisadi və humanitar yardım üçün vəsaitin ayrılmasını nəzərdə tutur.

Bəs görəsən, bu yardım müharibənin gedişatında həlledici rol oynaya biləcəkmi? Yoxsa bu vəsait Ukraynanın borclanmasına gətirib çıxaracaq?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq İlyas Hüseynov cavablandırıb. O bildirib ki, müqavilədə müəyyən şərtlər yer alır:

“Rusiya-Ukrayna müharibəsi fonunda Qərb açıq şəkildə Ukraynaya dəstək olur. Burada anqlo-sakson siyasəti xüsusilə seçilir. Belə ki, Böyük Britaniya və eləcə də ABŞ Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasının əsas tərəfdarlarıdır. Zelenski son dövrlərdə hərbi sursat çatışmazlığından şikayət edir. O, bu məsələdə Qərbi günahlandırır. İkinci Dünya Müharibəsində faşist Almaniyasına qarşı tətbiq olunan qanunun indi yeni formatda qəbul olunması və Ukraynanın müdafiə qabiliyyətinin gücləndirliməsi Rusiyaya qarşı yönəlib. Qərb bu addımları Rusiyanı məğlub etmək üçün atır. Müqavilədə müəyyən şərtlər yer alır. Bəzi ekspertlər bu yardımın icarə və kredit şərtləri olduğunu qeyd edir. Onlar yardım paketinin post-müharibə dövründə Ukraynanın iqtisadi asılılığını artırmağa yönəldiyini söyləyir. Lakin müqaviləyə görə, kreditləşmə salamat qalan texnikalara tətbiq ediləcək. Bu mənada Ukrayna texnikalardan səmərəli şəkildə istifadə etməlidir. Hazırda Ukrayna üzərində qlobal mübarizə gedir. Bu mübarizə siyasi, iqtisadi və hərbi sahədədir. Rusiya bilərək müharibəyə girdi. Lakin müharibənin uzanması Kremlin strateji planlarına daxil deyildi”.

Politoloq bildirib ki, ABŞ-ın Ukraynaya ayırdığı yardım proqramı Rusiyaya çox ciddi çətinlik yaradacaq:

“Burada 40 milyard dollarlıq vəsaitdən söhbət gedir. Yardım proqramının qəbul edilməsi Rusiyanın hərbi sahədə daha çox itki verməsinə səbəb olacaq. Bəlkə də bu yardım müharibənin dönüş nöqtəsi ola bilər. Müharibənin ilin sonuna qədər davam etmə ehtimalları daha güclüdür.. Proqramın icrasında ABŞ-ın Avropadakı tərəfdaşları fəal iştirak edəcək. Ola bilsin ki, yeni dünya tarixi yazılır və Rusiya yeni tarixdə məğlub dövlət kimi qeyd olunacaq. Lakin hazırda Rusiyanın kifayət qədər resursları var və bu resurslar onu ayaqda saxlaya bilir”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*