ABŞ səfirinin verdiyi mesajların diplomatik kodları – ŞƏRHbackend

ABŞ səfirinin verdiyi mesajların diplomatik kodları - ŞƏRH

Azərbaycanın Qarabağda qələbəsindən sonra ABŞ-ın Bakı ilə əməkdaşlıq siyasətində yeni konturlar yoxdur

ABŞ-ın Bakıdakı səfiri Örl Litzenberqer Naxçıvana səfərində iki ölkə münasibətlərində əsas istiqamətləri açıqlayıb.

KONKRET.az xəbər verir ki, səfir Amerika-Azərbaycan münasibətlərinin üç sütun üzərində dayandığını vurğulayıb. Onun sözlərinə görə, buna təhlükəsizlik, iqtisadi və enerji, insan haqları, qanunun aliliyinə dəstək sahələri aiddir. Səfirin “təhlükəsizlik, iqtisadi və enerji, insan haqları, qanunun aliliyinə dəstək” dediyi sahələr ABŞ-ın ənənəvi maraqlar çələngini əhatə edir. Halbuki Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsindən sonra ABŞ-ın Bakı ilə əməkdaşlıq siyasəti daha yeni konturları əhatə etməli idi.

Göründüyü kimi, ABŞ yenə “insan haqları və qanunin aliliyi” mövzusunda əməkdaşlıqdan danışır ki, bu da adətən Bakıya təzyiq rıçaqları hesab olunur. ABŞ sanki Qarabağla bağlı baş verənləri görməzdən gəlir, Azərbaycana bu məsələdə açıq dəstəyini ifadə etmir. Halbuki səfirin dediyi təhlükəsizlik məsələləri həm də Qarabağda, Ermənistanla sərhəddə baş verənlərlə birbaşa bağlıdır. Səfir şirkətlərin əməkdaşlığı ilə bağlı ümumi fikirlər deyib, amma bu şirkətlərin Qarabağda quruculuq işlərinə dəstək verib-verməməsini dəqiqləşdirməyib. 44 günlük müharibədən sonra ABŞ-ın Azərbaycan siyasətində bütövlükdə sistematik dəyişiklik olmayıb. Əksinə, Bayden administrasiyasının Ermənistana dəstək xarakterli addımları nəzərə çarpır.

Vaşinqton Bakıya münasibətində yeni yanaşmalar ortaya qoymalıdır. Ən azı BMT qətnamələrinin icrasından sonra ABŞ-ın bizə baxışında yeni rənglər olmalıydı, əməkdaşlıq sahələri genişlənməli, Qarabağda quruculuq işlərinə dəstək verilməli idi. Amma Bayden hakimiyyəti Azərbaycana maliyyə yardımını dayandırır, ermənilərə isə əl uzadır.

Tofiq Abbasov: “Azərbaycan böyük proseslərin iştirakçısıdır”

Tofiq Abbasov: “Bizim üçün prinsipial məsələyə aydın mövqe bildirmirlər”

Politoloq Tofiq Abbasovun bildirdiyinə görə, ABŞ səfirinin söylədikləri ənənəvi xarakter daşıyan sahələrdir. Ekspertin fikrincə, ABŞ prinsipial məsələlərdə “hə”,yox” demir. Onun sözlərinə görə, Azərbaycanın Qarabağda qələbəsindən sonra ABŞ-ın mövqeyi dəyişməz qaldı: “Hazırkı münasibətlər özündə yeni çalarlar daşımır. Bu, ”xala xətrin qalmasın” yanaşmasıdır. Bu gün ABŞ Əfqanıstan hadisələri fonunda eyni sahələri əməkdaşlıq etdiyi ölkələrə xatırladır. Amma bizim üçün mühüm və prinsipial məsələyə aydın mövqe bildirmirlər. Amerika fəal olduğunu göstərməyə çalışır. Ancaq səfirin bu açıqlaması olmasaydı da, heç nə dəyişmirdi”. Analitik hesab edir ki, Əfqanıstan hadisələrində ABŞ-ın yarıtmaz mövqeyi aydın seçilir və dünyaya bir mesajdır: “Bütün dünya bundan danışır ki, fövqəlgücdür, amma başqa xalqların taleyinə münasibəti ortadadır. Biz də nəticə çıxarmalıyıq. Onların şakəridir ki, guya səy göstərirlər. Əsas məsələ taleyüklü proseslərdə ”hə” və “yox” deyilməsidir. Əgər bu cür, səfirin sözləri kimi neytral mövqe sərgilənirsə, deməli, laqeyddirlər”.

Ramiyə Məmmədova: “Sanksiyalar Türkiyəyə ziyan vura bilər”

Ramiyə Məmmədova

Siyasi təhlilçi Ramiyə Məmmədova ABŞ səfirinin ümumi sözlərdən istifadə etdiyini düşünür. Onun fikrincə, səfir xüsusi hazırlaşmayıb, qeyri-adi ismarış da yoxdur. Ekspert hesab edir ki, onun açıqlamaları ABŞ-ın ümumi rəsmi siyasətinin şablon şəkildə dilə gətirilməsidir: “Hə, biz gözləyiriksə Amerika postmüharibə dönəmində Azərbaycana fərqli yanaşsın, buna tələsməli deyilik. Bayden hakimiyyəti açıq surətdə təzyiq də göstərmir. Ancaq Gürcüstanın vasitəsilə mina xəritələrinin alınması və Qərbdən gələn alqış bəyanatları göstərdi ki, Vaşinqton prosesə nəzarət etmək istəyir, amma gecikib. Amerika Rusiyaya görə narazıdır. O səbəbdən bizimlə əlaqələri Ermənistanla  münasibətlərdən fərqlənir”.

R.Məmmədovanın sözlərinə görə, ABŞ Minsk Qrupunun fəaliyyətini bərpa edəndən sonra Azərbaycanla əlaqələrdə yeni mərhələlər ola bilər: “Amerikalı ermənipərəst konqresmenlərin çıxışlarından aydın sezilir ki, Bayden dövründə biz Vaşinqtondan arzuladığımız dəstəyi əldə edə bilməyəcəyik. İnanmıram ki, Qərb şirkətlərinin quruculuq işlərində iştirakı, investorların cəlb edilməsi üçün çağırış etsinlər. Yadınıza salın, müharibədən dərhal sonra Avropa və Amerikanın siyasi dairələrində dərin sükut yarandı. Nə Brüssel, nə də Vaşinqton Azərbaycanın parlaq qələbəsinə qiymət vermədilər. Lakin Avropa İttifaqının böyük dövlətləri arasında birbaşa Ermənistanın mövqeyini dəstəkləyən bəyanatlar verildi, hətta təcavüzkara hərbi və hüquqi yardım etmək çağırışları belə eşidildi. İndi də Fransa və Amerika hər vəchlə çalışır ki, Minsk Qrupu qayıtsın. Ona görə səfirin çıxışından nəyisə gözləmək də lazım deyil. Bəli, ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan Prezidentinə zəng edib və əməkdaşlıqda maraqlı olduqlarını açıq söyləyib. Azərbaycan Prezidenti də Cənub Qaz Dəhlizinin icrasına verilən dəstəyə görə ABŞ hökumətinə təşəkkürünü ifadə edib, indi isə Əfqanıstanda yaranmış yeni reallığa görə Vaşinqtona Bakı lazımdır, amma biz münasibətlərdə ənənəvi sahələri görürük”./musavat.com/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*