ABŞ və Çin arasında texnoloji rəqabət daha təhlükəli mərhələyə qədəm qoyur. Yarımkeçirici çiplər, nadir torpaq metalları və süni intellekt infrastrukturu iki supergüc arasında növbəti böyük qarşıdurmanın əsas hədəflərinə çevrilir.
KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times” qəzetinin köşə yazarı, “Çip müharibəsi” kitabının müəllifi Kris Miller (Chris Miller) yazıb.
Müəllifin fikrincə, Donald Tramp və Si Cinpin arasında Şençjendə keçirilən görüş ABŞ və Çin arasındakı texnoloji rəqabəti aradan qaldırmayıb. Tərəflər ötən il Cənubi Koreyanın Pusan şəhərində əldə etdikləri ticarət atəşkəsinin başa çatmasına hazırlaşarkən mövqelərini gücləndirməyə çalışırlar.
Çip savaşında Çinin zəif nöqtəsi
Məqalədə vurğulanır ki, Çinin qabaqcıl yarımkeçirici çiplərin istehsalında ABŞ və Tayvandan geri qalması Pekinin əsas zəif nöqtələrindən biridir. Vaşinqton isə qabaqcıl çiplər sahəsində üstünlüyünü qorumağa və Çinin texnoloji imkanlarını məhdudlaşdırmağa çalışır.
Bununla belə, ABŞ-ın da ciddi riskləri var. Süni intellekt sənayesi mürəkkəb qlobal təchizat zəncirlərindən, o cümlədən nadir torpaq elementlərindən və xüsusi komponentlərdən asılıdır.
Pekinin əlindəki strateji silah
Çin bu sahələrdə üstün mövqeyini qoruyur və ixrac məhdudiyyətləri vasitəsilə Vaşinqtona təzyiq göstərə bilər.
Kris Miller hesab edir ki, ABŞ-ın Çin şirkətlərinin qabaqcıl çiplərə çıxışını daha da məhdudlaşdırması Pekinin nadir torpaq metalları və onlardan hazırlanan güclü maqnitlərin ixracına qarşı yeni addımlar atmasına səbəb ola bilər.
Süni intellekt uğrunda mübarizə
Müəllifin diqqət çəkdiyi digər məqam süni intellekt infrastrukturu ilə bağlıdır. Çin şirkətlərinin xarici məlumat mərkəzlərindən və ABŞ istehsalı olan hesablama güclərindən istifadəsi Vaşinqton üçün yeni nəzarət istiqamətinə çevrilə bilər.
Məqalədə qeyd olunur ki, hər iki ölkə texnoloji müstəqilliyini gücləndirməyə çalışsa da, onların iqtisadiyyatları və istehsal zəncirləri hələ də bir-birindən ciddi şəkildə asılıdır. Bu asılılığın pozulması qlobal iqtisadiyyata ağır zərbə vura bilər.
Millerin qənaətinə görə, süni intellekt texnologiyalarının təchizat zəncirləri ABŞ və Çin arasında mübarizənin ən təhlükəli istiqamətlərindən birinə çevrilir. Növbəti qarşıdurmanın nəticəsi isə yalnız iki ölkənin deyil, bütövlükdə dünya texnologiya bazarının gələcəyinə təsir göstərə bilər.
Günay Əli
KONKRET.az
