Adolf Hitlerin doğulduğu ev polis bölməsi oldubackend

Adolf Hitlerin doğulduğu ev polis bölməsi oldu

Avstriyanın Yuxarı Avstriya federal əyalətinin Braunau am İnn şəhərində 1889-cu il aprelin 20-də Adolf Hitlerin doğulduğu bina əsaslı yenidənqurmadan sonra polis bölməsi kimi istifadəyə verilib.

KONKRET.az azərtac-a istinadən xəbər verir ki, Avstriya hökuməti bu addımla binanın neonasistlər və ifrat sağçı qruplar üçün ziyarət və təbliğat məkanına çevrilməsinin qarşısını almağı qarşıya məqsəd qoyub.

Polis bölməsinin açılış mərasimində çıxış edən Avstriyanın daxili işlər naziri Qerhard Karner bildirib ki, bina bundan sonra demokratiya, hüquqi dövlətçilik, azadlıq və insan ləyaqəti kimi dəyərləri təmsil etməlidir. Onun sözlərinə görə, polis bölməsinin burada yerləşdirilməsi obyektin nasist ideologiyasının simvolu kimi istifadəsinin qarşısını almağa xidmət edir.

Təxminən 20 milyon avroya başa gələn yenidənqurma zamanı binanın əvvəlki görünüşünün tanınmasını çətinləşdirmək məqsədilə fasadında və digər memarlıq elementlərində dəyişikliklər edilib. Burada Braunau rayon polis komandanlığı və yerli polis bölməsi fəaliyyət göstərəcək.

Bina uzun illər müxtəlif sosial və xeyriyyə qurumları tərəfindən istifadə olunub, 2011-ci ildən isə boş qalıb. Avstriya dövləti keçmiş mülkiyyətçi ilə uzunmüddətli hüquqi mübahisədən sonra 2017-ci ildə obyekt üzərində mülkiyyət hüququ əldə edib. Ekspert komissiyası binanın sökülməsi və ya muzeyə çevrilməsi variantlarını məqsədəuyğun hesab etməyərək, onun dövlət qurumu kimi istifadəsini tövsiyə edib.

Binanın qarşısında faşizmə və müharibəyə qarşı çağırışın həkk olunduğu xatirə daşı saxlanılıb. Bununla yanaşı, bəzi tarixçilər və yerli təşəbbüs qrupları ərazidə nasizm dövrü və Avstriyanın həmin dövrdəki rolu barədə daha ətraflı məlumat lövhələrinin yerləşdirilməsini tələb edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*