Ağalarovlara qarşı qərəzin izi ilə…backend

Ağalarovlara qarşı qərəzin izi ilə…

Azərbaycanəsilli rusiyalı biznesmen və müğənni Emin Ağalarovun “Crocus City Hall” kompleksindəki təhlükəsizlik sistemindəki iradlarla bağlı cavabları rus şovinistlərinin və erməni lobbisinin Ağalarovlara qarşı yersiz arqumentlərini “sabun köpüyü” kimi partlatdı.

Məlum oldu ki, Rusiyanın hüquq-mühafizə orqanları məhz Araz və Emin Ağalarovların sayəsində terrorçuların izinə düşməyə müvəffəq olublar. Emin Ağalarov şəxsən informasiya serverinin qapısını qıraraq, lazimi videogörüntüləri İstintaq Komitəsinə təhvil verib. İkincisi, “Crocus”un müxtəlif vacib təlimlərindən keçmiş əməkdaşlarının fədakarlığı nəticəsində 5 mindən artıq insan ölümdən xilas edilib. Terrorçuların məqsədi konsertə gəlmiş tamaşaçıları diri-diri yandırmaq imiş. Üçüncüsü, həlak olanların arasında “Crocus”un öz əməkdaşları da var.

Bütün bunlar isə qarşı tərəfi tərkisilah etməyə kifayət etdi. İlk “tövbə” isə rusiyalı prodüser Yana Rudkovskayadan gəlib.

Yana Rudkovskaya bildirib ki, “Krokus”da baş verən faciədən sonra şəxsən Emin və Araz Ağalarova qarşı heç bir sualı və şikayəti yoxdur, sadəcə olaraq zalın mühafizəsini tənqid edib.

“Çünki bu azərbaycanlı sahibkarlar zala böyük zəhmət və ürək sərf ediblər. Bir çox sənət adamlarına köməklik göstərib, güzəştli tariflə “Crocus City Hall”u kirayə veriblər”.

O, Araz və Emin Ağalarovların terror aktı qurbanlarına kömək üçün 100 milyon rubl köçürməsini əsl kişi hərəkəti adlandırıb: “Bunu “Crocus Group” və Müslüm Maqomayev Fondu həyata keçirib. Vəsait bu faciədən zərər çəkmiş tamaşaçıların və işçilərin ailələrinə məqsədyönlü dəstək – insanların reabilitasiyası, sağalması, müalicəsi və digər ehtiyaclarına yönəldiləcək”, – deyə Rudkovskaya şəxsi Teleqram-kanalında yazıb.

Rus şovinistlərinin və erməni lobbisinin təsiri altında olan kütləvi informasiya vasitələri bu addımı “prodüserin yerli şou-biznesdə bir çox rıçaqları əllərində saxlayan nüfuzlu və varlı sahibkarlarla mübahisə etmək istəməməsi” kimi qələmə verməyə çalışsalar da, əslində bu, hadisənin ertəsi günü Ağalarovların ünvanına çirkin iftira atmaq cəhdinin fiaskoya uğradığını nümayiş etdirir.

Çünki “Crocus”da törədilmiş terror aktının qarşısının alınmamasının məsuliyyəti birbaşa hüquq-mühafizə orqanlarının üzərinə düşür. ABŞ kəşfiyyatının Moskvadakı konsertlərdə terror aktının ola biləcəyi xəbərdarlığına baxmayaraq, Rusiya tərəfinin məsələyə qeyri-ciddi yanaşdığı açıq-aşkar ortadadır. 

Bu məsələnin başqa maraqlı cəhətləri də var. Bu da “Crocus City Hall”un bərpa olunması ilə əlaqədardır. Аzərbaycanlı sahibkarların Rusiyada biznes və söz sahibi olduqlarını həzm edə bilməyən bəzi qüvvələr “Crocus City Hall” kimi iri konsert zalının bərpa edilməsini məqsədəuyğun hesab etmədiklərini deyirlər. Onların arasında Rusiya Dövlət Dumasının deputatları da var. Onlardan biri Rusiyanın Ukraynaya təcavüzü nəticəsində Avropa İttifaqının, ABŞ, Böyük Britaniya və digər ölkələrin sanksiyalarına məruz qalmış Tatyana Butskayadır, digəri kommunistləri təmsil edən, Mədəniyyət Komitəsi sədrinin müavini, kinoaktrisa Yelena Drapekodur. Onların fikrincə, “qəbiristanlıqda əyləncə obyektləri” təşkil etməyə ehtiyac yoxdur.

“Məbəd və ya meydan – bu, əlbəttə ki, gözəl olardı. Sadəcə, bu torpaq Ağalarovlara məxsusdur – çətin ki, onlar bu qədər bahalı torpaqlardan nəcib məqsədlər üçün istifadə etsinlər. Nədənsə, mən onlara inanmıram”, – deyə kommunist düşüncəli Drapeko bildirib.

Halbuki, indiyədək heç bir deputat “belə qəbiristanlıq” olan Dubrovkadakı teatr mərkəzinin fəaliyyətinin davam etdirilməsinə heç bir etiraz etməyib. O zaman heç “sümüklər üzərində rəqs” bəhanəsi də yada düşməyib. Çünki həmin teatrın sahibi azərbaycanlı deyildi.

Adlarını deputat qoymuş bu rus xanımlarının məntiqinə görə, heç Buynaqsk, Moskva və Voloqodonskda partladılmış binalar da bərpa edilməməliydi. Çünki bu binalarda sağ qalmış insanların həyatın dadını çıxara-çıxara yaşaması “məqsədəuyğun deyil”di. Ümumiyyətlə, II Dünya müharibəsindən sonra Rusiyanın dağıdılmış şəhərləri bərpa olunmamalı, hamısının yerində yalnız memorial kompleks, məbəd və ya park salınmalı idi.

Aktyor və pediatr ixtisaslı qanunvericilər öz vəzifələrinin öhdəsindən gələ bilməyən hüquq-mühafizə orqanlarından cavab tələb etməyə qadirdirlərmi? Təbii ki, yox. Bu yerdə onların köməyinə yalnız populizm çatır. Populizmin ömrü isə 40 gün çəkmir…

Xoşagəlməz bu hadisə Azərbaycan mədəniyyətinə töhfələr verən iki xanımı – bəstəkar Mehriban Əhmədovanı və bəstəkar-pianoçu Könül Hüseynovanı xatırlatdı. Biri Azərbaycanın Milli Qəhrəman Ruad Əhmədovun bacısı, digəri Azərbaycan Milli Qəhrəmanı Rəşad Atakişiyevin xanımıdır.

Bu yaxınlarda hər iki bəstəkar Bakıdakı “Rus Evi”ndə Könül Hüseynovanın tələbələrinin konsertinə – mədəni hadisənin təntənəsinə toplaşmışdılar. Bir anlığa düşündüm ki, görəsən, Rusiyanın səbəb olduğu Qarabağ münaqişəsinə görə əzizlərini itirmiş bu möhtəşəm xanımların gözlərinə baxanda ruslar heç xəcalət çəkirlərmi?! Butskaya və Drapeko kimiləri, yəqin ki, yox. İndi biz də deyək ki, oğullarımızı əlimizdən aldığınız bir torpaqda, 20 Yanvar hadisəsini törətdiyiniz şəhərdə sizin “eviniz” ola bilməz?!

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*