Avropa İttifaqının Ukraynaya göstərdiyi ümumi maliyyə yardımının həcmi yeni borc öhdəlikləri götürüləcəyi təqdirdə 200 milyard avronu keçə bilər.
KONKRET.az xəbər verir ki, “Die Welt am Sonntag” nəşrinin Avropa Komissiyasının məlumatları əsasında apardığı hesablamalara görə, Aİ indiyədək ayrılmış 166 milyard avroya əlavə olaraq Kiyevə 40 milyard avrodan çox vəsaiti birgə kreditlər şəklində təqdim etməli olacaq.
Ukrayna əlavə olaraq 70 milyard avro yardım istəyir. Avropa İttifaqı bunun 46 milyard avrosunu qarşılamağa hazırdır. Vəsaitin bir hissəsinin dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına təmin edilməsi nəzərdə tutulsa da, bu mənbədən ildə cəmi bir neçə milyard avro əldə etmək mümkündür.
Nəşrin məlumatına görə, Rusiya aktivlərinin özünün istifadəsi gözlənilmir. Buna görə də əsas maliyyələşmə mənbəyi Aİ-nin yeni birgə borclanması ola bilər.
Məsələ gələn həftə Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçılarının görüşündə müzakirə olunacaq.
Günay Əli
KONKRET.az
