Ailə üzvlərini bir-birindən ayıran görünməz sədd – Söhbət nədən gedir?backend

Ailə üzvlərini bir-birindən ayıran görünməz sədd – Söhbət nədən gedir?

Bir vaxtlar ailələrin əsas ünsiyyət vasitəsi hesab edilən ev telefonları tədricən mobil telefonlarla əvəzlənir. Əvvəllər evə zəng edən şəxsin kimliyi, telefon dəstəyini kimin qaldıracağı və danışığın məzmunu ailə üzvlərinin diqqət mərkəzində olurdusa, indi hər kəs öz mobil telefonu vasitəsilə müstəqil ünsiyyət qurur. Bu dəyişiklik insanların kommunikasiya imkanlarını genişləndirməklə yanaşı, ailədaxili münasibətlərə, şəxsi sərhədlərə və sosial davranışlara da təsirsiz ötüşmür.

Bəs ev telefonlarının yerini mobil telefonların alması cəmiyyətdə hansı dəyişikliklərə səbəb olub? Yeni texnologiyalar insanları bir-birinə daha da yaxınlaşdırır, yoxsa canlı ünsiyyəti zəiflədir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında sosioloq Nail Cəlil bildirib ki, ev telefonlarının mobil rabitə vasitələri ilə əvəzlənməsi təkcə texnoloji yenilik deyil, həm də dövrün tələbindən irəli gələn sosial, iqtisadi və mədəni transformasiyadır.

Azərbaycanda növbə mədəniyyəti niyə yoxdur? | KONKRET

Onun sözlərinə görə, mobil telefonlar insanların kommunikasiya imkanlarını əhəmiyyətli dərəcədə genişləndirərək ünsiyyətin xarakterini, intensivliyini və sosial münasibətlərin dinamikasını dəyişib:

“Əvvəllər ev telefonlarından istifadə müəyyən qaydalar və məhdudiyyətlər çərçivəsində həyata keçirilirdi. Ailə üzvlərindən kimin zəngə cavab verməsi, zəng edən şəxsin kimliyi və hansı ailə üzvü ilə əlaqə saxlamaq istəməsi mühüm əhəmiyyət daşıyırdı. Telefon danışıqlarının məzmunu və konteksti müəyyən mənada ailənin ümumi nəzarəti altında olurdu. Mobil telefonların geniş yayılması isə ünsiyyəti fərdiləşdirdi. Artıq hər kəs öz əlaqə çevrəsini, şəxsi ünsiyyət məkanını və informasiya dairəsini müstəqil şəkildə müəyyənləşdirə bilir. Bu, fərdi azadlığı və şəxsi ünsiyyət imkanlarını artırsa da, ailənin vahid informasiya məkanının parçalanmasına da gətirib çıxarır”.

Sosioloq qeyd edib ki, mobil telefonların əsas üstünlüklərindən biri ünsiyyətin operativliyini və əlçatanlığını artırmasıdır. Onun sözlərinə görə, coğrafi məsafədən, iş vaxtından və fiziki məkandan asılı olmayaraq, insanlar yaxınları ilə əlaqə saxlaya bilirlər. Xüsusilə əmək mobilliyi, miqrasiya və şəhərləşmə prosesləri fonunda bu texnologiyalar ailə üzvləri arasında əlaqələrin qorunmasına mühüm töhfə verir.

Nail Cəlilin fikrincə, mobil rabitə bir tərəfdən ailə üzvlərinin bir-biri ilə daha sıx əlaqə saxlamasına şərait yaradır, digər tərəfdən isə qarşılıqlı nəzarəti gücləndirir:

“İnsanlar artıq zənglərə və mesajlara vaxtında cavab vermək məcburiyyəti ilə üzləşirlər. Bu tələb həm iş həyatında, həm də ailədaxili münasibətlərdə özünü göstərir. Smartfonlar və digər rəqəmsal vasitələr şəxsi həyatla iş həyatı arasındakı sərhədləri zəiflədir. Nəticədə kommunikasiya bəzən psixoloji təzyiq və qarşılıqlı nəzarət vasitəsinə çevrilir”.

O, bildirib ki, mobil telefonların ailədaxili münasibətlərə təsiri birmənalı deyil. Valideynlər övladlarının harada olduğunu və gündəlik fəaliyyətini daha asan izləyə, ailə üzvləri isə operativ informasiya mübadiləsi apara bilirlər. Lakin eyni məkanda olan insanların hər birinin öz telefonuna, sosial şəbəkələrə və virtual ünsiyyət çevrəsinə yönəlməsi canlı ünsiyyəti zəiflədir.

Sosioloq hesab edir ki, söhbətlərin səthiləşməsi, emosional diqqətin bölünməsi və qarşılıqlı dinləmə vərdişlərinin zəifləməsi ailədaxili münasibətlərdə yeni baryerlər yaradır:

“Fiziki yaxınlıq heç də həmişə emosional yaxınlıq demək deyil. İnsanlar eyni otaqda olsalar da, informasiya və emosional baxımdan bir-birindən uzaqlaşa bilərlər. Mobil telefonların həddindən artıq istifadəsi ailə üzvləri arasında ünsiyyətin məhdudlaşmasına və münasibətlərin formal xarakter almasına səbəb ola bilər”.

Nail Cəlilin sözlərinə görə, mobil texnologiyalar insanların sosiallaşma mexanizmlərinə də ciddi təsir göstərir.

“ Artıq üz-üzə görüşlər, canlı dialoqlar, jestlər və emosional reaksiyalar müəyyən hallarda qısa mesajlar, fotolar və videolarla əvəzlənir. Xüsusilə gənc nəsil arasında sosial münasibətlərin mühüm hissəsi rəqəmsal platformalar üzərindən formalaşır. Bu platformalar yeni dostluqların, sosial qrupların və ictimai təşəbbüslərin yaranmasına imkan versə də, canlı ünsiyyət bacarıqlarının və empatiyanın zəifləməsi riskini də artırır”.

O, mobil telefonların ictimai-siyasi fəallığa təsirinə də diqqət çəkib. Bildirib ki, sosial şəbəkələr və mobil kommunikasiya vasitələri insanların ictimai problemlər ətrafında birləşməsinə, ictimai rəyin formalaşmasına və kollektiv təşəbbüslərin təşkilinə geniş imkanlar yaradır. Bununla yanaşı, rəqəmsal qütbləşmə və emosional reaksiyaların güclənməsi kimi mənfi hallar da meydana çıxa bilər.

Sosioloq əlavə edib ki, mobil telefonlar yaşlıların, əlilliyi olan şəxslərin və sosial təcrid riski ilə üzləşən insanların informasiya və sosial dəstəyə çıxışını da asanlaşdırır. Bununla belə, rəqəmsal savadlılığın aşağı olması, texnologiyadan istifadə imkanlarındakı bərabərsizlik və şəxsi məlumatların qorunması kimi problemlər diqqətdə saxlanılmalıdır.

Nail Cəlil hesab edir ki, əsas məsələ ev telefonlarının mobil telefonlarla əvəzlənməsi deyil, texnologiyaların insan münasibətlərinə hansı istiqamətdə təsir göstərməsidir. Onun fikrincə, mobil rabitə ailə və sosial münasibətləri zənginləşdirən vasitə olmalı, canlı ünsiyyəti əvəz etməməlidir.

“Texnologiyalar insanlara kömək edən vasitələrdir. Onlar canlı ünsiyyəti, davranışı və fəaliyyəti əvəz edə bilməz. Ailələrdə birgə vaxtın qorunması, qarşılıqlı diqqət və sosiallaşma canlı ünsiyyət əsasında qurulmalıdır. Çünki texnoloji yaxınlaşma hər zaman sosial və emosional yaxınlıq yaratmır”, – deyə sosioloq vurğulayıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*