İnsan beyninin fəaliyyəti ilə bağlı irəli sürülən yeni və mübahisəli nəzəriyyə elm dünyasında diqqət çəkib.
KONKRET.az xəbər verir ki, amerikalı psixoloq və tədqiqatçı Robert Epsteinin irəli sürdüyü “Neural Transduction Theory” nəzəriyyəsinə görə, beyin yalnız məlumatları yaradan və emal edən “bioloji kompüter” olmaya bilər.
Alim beynin müəyyən mənada xarici siqnalları qəbul edən və onları sinir sisteminin istifadə edə biləcəyi informasiyaya çevirən “transdüser”, yəni siqnal çevirici kimi fəaliyyət göstərə biləcəyini düşünür.
Bu yanaşma beynin radioqəbulediciyə bənzər şəkildə işləyə biləcəyi ehtimalını gündəmə gətirir. Nəzəriyyəyə əsasən, insan orqanizmi ətraf mühitdən müxtəlif siqnallar qəbul edir və onları sinir sistemində emal olunan elektrik və kimyəvi siqnallara çevirir.
Epstein hesab edir ki, bu yanaşma şüur, yuxular, halüsinasiyalar və yaradıcılıq kimi elm üçün hələ də tam izah olunmamış proseslərin araşdırılmasına fərqli istiqamət verə bilər.
Lakin mütəxəssislər bunun təsdiqlənmiş elmi fakt olmadığını vurğulayırlar.
Beynin xaricdən hansısa “məlumat siqnalı” qəbul edən radioqəbuledici kimi fəaliyyət göstərdiyini təsdiqləyən mötəbər eksperimental sübut yoxdur.
Bu səbəbdən nəzəriyyə hazırda elmi ictimaiyyətdə mübahisəli hipotez kimi qiymətləndirilir. Onun doğru olub-olmadığını müəyyənləşdirmək üçün əlavə araşdırmalar və eksperimental sübutlar tələb olunur.
Günay Əli
KONKRET.az
